“Ətin çəkisini artıran aparatların mövcudluğu ilə bağlı yayılan məlumatlar bəzən sosial şəbəkələrdə diqqət çəkir və istehlakçılar arasında narahatlığa səbəb olur. Müasir dövrdə texnika və texnologiya və bunun əsasında qida sənayesi də sürətlə inkişaf edir. Bu halı fürsət bilən bir çox işbazlar qida hiylələrinə əl atır”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Asim Vəliyev sözlərinə belə davam edib: “Ətin çəkisini artırmaq üçün istifadə olunan qida hiylələrindən biri əti su, duzlu su, fosfat və ya digər kimyəvi maddələrlə şişirməkdir. Bu prosesdə xüsusi aparat və iynələr vasitəsilə əti su ilə doldururlar. Su ilə şişirilmiş ətin çəkisi qismən artır və satışa çıxarılır. Fosfatlar suyun ət liflərinə daha yaxşı bağlanmasına kömək edir, nəticədə ət özündə daha çox suyu saxlayır. Bu üsul ətin çəkisini təxminən 10-20% artırmaq üçün istifadə olunur.
Bu proses nəticəsində ətin təbii tərkibi dəyişir və içindəki natrium səviyyəsi arta bilir. Həmçinin, bu cür məhsulların saxlanma müddəti də uzadılır, amma eyni zamanda onların keyfiyyəti ilə bağlı narahatlıqlar mövcuddur. Ətin çəkisini artırmaq üçün istifadə olunan digər maddələrə qarışıq jelatin, nişasta, soya proteinləri, bəzən polifosfatlar daxildir. Bu kimyəvi maddələr ətin içində daha çox suyu saxlayaraq çəkisini artırır. Bu cür üsulların geniş yayılması istehlakçılarda ciddi narahatlıq doğurur. Çünki ətin içində qalan əlavə su və kimyəvi maddələr, ətin keyfiyyətini azaldır. Həmçinin sağlamlığa zərərli ola bilər. Zənn etmirəm ki, halhazırda ölkəmizdə bu kimi qida hiylələri olsun. Hələ bunun üçün zərurət və zəmin yoxdur.
İstehlakçılar ətin təbii və keyfiyyətli olduğunu təmin etmək üçün güvəndikləri satış yerlərindən alış-veriş etməlidirlər. Keyfiyyət sertifikatları olan məhsullara üstünlük vermək və mənşəyini bilmək vacibdir. Ətin rəngi, teksturası və qoxusu da onun təbii olub-olmadığını müəyyən etməyə kömək edə bilər. Bununla belə, istehlakçılar bu cür ət məhsullarını alarkən diqqətli olmalıdırlar”.
- Hüseynli Nərgiz