İftar və Sahurda hansı qidalar qəbul olunması vacibdir?

0 Shares

“İftarda və sahurda qidalanma necə olmalıdır və nə etməliyik ki, biz orqanizmimizin sağlamlığına ziyan verməyək. Bir çox hallarda 15-16-18 saat ac qalan orqanizmin maddələr mübadiləsi yavaşlamağa başlayır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, maddələr mübadiləsi azaldığı üçün gələcəkdə bu hal həzm problemlərinə səbəb ola bilər: “Ona görə yaxşı olar ki, biz oruc tutarkən qidalarımızı düzgün seçək. Birinci növbədə diqqət etməliyik ki, sahurda nələr yemək lazımdır. Enerjili qalmağımız üçün sahurda daha çox doyumcul və proteinli məhsullara üstünlük verməliyik. Bu cür qidalara pendir, yağ, yumurta və süd məhsullarını misal göstərmək olar. Həmçinin, maddələr mübadiləsinin zəifləməməsi üçün yoqurtun içinə bir çay qaşığı çiya toxumunu qataraq da qəbul etmək olar. Bu qida bağırsaqların hərəkətliliyini təmin edərək, uzun müddət tox saxlamağa da kömək edir. Bundan başqa da mütləq şəkildə səhər qidalarımızda çərəzlərdən, xurmadan istifadə etməliyik. Yaxşı olar ki, karbohidrat olaraq da bir və iki dilim kəpəkli undan çörək qəbul edə bilərik. Əgər bu ağ çörəkdirsə, onu qızardıb qəbul etməliyik ki, faydalı olsun. Həftənin 2-3 günü yulaflı sıyıqlardan da istifadə edə bilərik. Yulafın tərkibində həddindən artıq mineral və vitaminlər var. Meyvə və tərəvəz də sahurda yer almalıdır. Çünki lifli qidalarımızın da miqdarına fikir verməyimiz önəmlidir. Bəzən sahurda çay, kofe içərək kifayətlənirlər, ya da az qida qəbul edirlər. Bu, yol verilməz bir haldır. Gələcəkdə bu hal mədədə xoranın yaranmasına səbəb ola bilər. Yaxşı olar ki, sahurda saydığımız qidalardan istifadə olunsun. İftarda isə su və xurma ilə başladıqdan sonra pendir, zeytun və ya qoz ola bilər. 15-10 dəqiqə gözlədikdən sonra isə şorba qəbul etmək məqbuldur. Ümumilikdə iftar üçün həftəlik qidalanma üzrə menyü tutulması lazımlıdır. Supdan sonra isə isti yeməyə keçmək lazımdır. İsti yeməkdə isə mütləq şəkildə 100-150 qr ət qəbul olunması vacibdir. Tərəvəzlərdən istifadə edərkən yerli və mövsümi olmasına fikir verilməlidir. Hazırda göyərti, kök, çuğundur, kahının əsl mövsümüdür. Təbii ki, qəbul etdiyimiz qidalardan bir saat və saat yarım ara verdikdən sonra hər hansısa yüngül və xüsusi ilə südlü şirniyyatı qəbul etmək faydalıdır. Çox zaman oruc tutan insanlar baş ağrısından əziyyət çəkirlər. Əgər hər hansısa bir xroniki xəstəlik yoxdursa, baş ağrısı 2 səbəbdən yarana bilər: 1) Lazımlı şəkildə maye qəbul etmədikdə. 2) Yuxunun düzgün olmaması. Oruc tutan şəxslər mütləq 7-8 saat yatmalıdır. Sahurdan-iftara qədər yuxusuz qalmamalı və iftardan-sahura qədər 7-8 stəkan mütləq şəkildə su qəbul etməlidir”.

Müəllif: Banuçiçək Hüseynli