Bayramda necə qidalanmaq lazımdır? – Dietoloq şərh etdi

0 Shares

“Ümumiyyətlə, çox yemək orqanizmin düşmənidir. Çünki orqanizm standart çalışma mexanizminə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Məhsəti Hüseynova bildirib.

Bayramlarda qarışıq qidalardan imtina etmək, mütləq bir çeşiddə yemək lazımdır. Xüsusilə də salatların qəbulunda diqqətli olmaq vacibdir. Çünki bəzən olur ki, salatlar hazırlanır və bunu bir neçə gün sonra belə qəbul edirlər. Bu isə olduqca təhlükəlidir. Buna görə də yaxşı olar ki, bu cür qidaları bir gün ərzində qəbul olunsun.

Onun sözlərinə görə, təbii olaraq bu mexanizm bayram, qonaqlıq olduğunu qəbul etmir: “Ona görə də bayramda qəbul olunan qida miqdarı həddindən artıq olarsa, bu zaman orqanizmə öz mənfi təsirlərini göstərəcək. Birinci növbədə isə həzm prosesi çətinləşir. Bütün qidalar düzgün şəkildə həzm olunmadığı, eyni zamanda insanlar rejimsiz qidalandıqları üçün qidalar enerjiyə çevrilmir. Bu isə müxtəlif fəsadlara səbəb olur. Təbii ki, bu zaman həzm sistemi pozulur, maddələr mübadiləsi yavaşlayır. Qəbul olunan kalori qara ciyərdə piylənmə şəklində özünü göstərir. Daha sonra isə bu problemlər böyrək çatışmazlığı və bağırsaq sisteminin pozulması ilə nəticələnə bilər.

Daha çox yeməyin qarşısını almaq üçün gün ərzində su qəbulunu artırmaq lazımdır. Ən önəmli məsələlərdən biri isə bayramlarda şirniyyat qəbulunun hansı formada olmasıdır. Adətən şirniyyatları yeməkdən dərhal sonra qəbul edirlər. Lakin bu qətiyyən qəbul oluna bilməz. Eyni zamanda şirniyyatları çay ilə qəbul etmək də düzgün deyil. Çünki qidalardan qəbul edəcəyimiz faydalı makro və mikro elementlər yeməkdən dərhal sonra şirniyyatla çay qəbul olunduqda qana doğru şəkildə sorula bilmir. Bunun nəticəsində də orqanizmimiz qidalardan düzgün şəkildə faydalana bilmir. Eyni zamanda çay və şirniyyat qəbul edəcəyiksə onları birlikdə qəbul etmək tövsiyyə olunmur. Adətən şirniyyatların günün birinci yarısında qəbul olunması məsləhətlidir. Çünki bu bizim orqanizmimizə gün ərzində enerji vermiş olur. Xüsusilə Novruz şirniyyatlarından-qoğal, paxlava, şəkərburanın eyni anda qəbul edilməsi də düzgün deyil. Bunlar isə əsas yeməklərin arasında qəbul oluna bilər. Eyni zamanda gün ərzində 1-2 ədəddən artığı məsləhətli deyil.
Eyni zamanda hərəkətlilik səviyyəsinə də fikir vermək lazımdır. Əks halda isə yuxarıda sadaladığımız problemlər yaranacaq. Şəkərli diabet, piylənmə kimi xəstəliklərlə qarşılaşma ehtimalı isə çoxalacaq. Ona görə də qidanın nə zaman, nə qədər qəbul olunması böyük əhəmiyyət kəsb edir”.

Səbinə Hüseynli