Hamilələr qida rasionunda nələrə diqqət yetirməlidir? – QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

Asim Vəliyev
0 Shares

“Hamiləlik xanımlar üçün ən həssas dövrdür. Bu dövrdə düzgün və sağlam qidalanma ən vacib şərtdir. Çox xanım hamiləlik dövründə uşağının inkişafı üçün düzgün qidalanmadığını düşünür. Halbuki bütün bu narahatlıqlar gərəksizdir. Çünki ürək bulanması və qusmalar ilə iştahsızlıq ilk aylarda çəki artımının qarşısını ala bilər”. Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, hamiləlik zamanı qidalanmada vacib olan ananın lazımi miqdarda və düzgün qidalanmasıdır: “Çünki uşaq ananın qida ehtiyatlarından və hamiləlik boyunca yediklərindən özü üçün lazım olanı seçir və böyüyür.
Qida maddələri orqanizm üçün lazımi müxtəlif vəzifələri yerinə yetirir. Eyni vəzifələri yerinə yetirən qidalardan qida qrupları formalaşdırılıb.

Sintetik multivitamin həbləri, balanslı qidalanmayan hamilələrə dəstək olaraq verilsə də heç bir halda təbii qidaları tam əvəz etmir. İlk olaraq qidalanmada təmizlik qaydalarına diqqət edin. Əllər hər dəfə yeməkdən əvvəl və sonra yaxşı şəkildə yuyulmalıdır. Hər zaman olduğu kimi meyvə və tərəvəzlər təmiz yuyulmalıdır. Evdə pişik və it saxlanırsa, peyvəndləri vaxtı-vaxtında vurulmalıdır. Çiy və yaxşı bişməmiş ət və ət məhsullarından (kolbasa, sosiska və s.) uzaq durulmalıdır.

Gündə ən az 8-10 stəkan su içilməlidir. Yay aylarında 15 stəkana qədər artırmaq olar. Sonrakı aylarda qəbzlik şikayəti varsa, bol miqdarda su içərək, qabığı ilə yeyilən meyvələri yeyərək, hər yeməkdə tərəvəzli salatlara yer verərək və yüngül yürüş edərək qarşısını ala bilərlər.

Hamiləlik zamanı kalsium itkisini bərpa etmək üçün gündə 1-2 saat süd içmək olar. Süd içə bilməyənlər qatıq və ayran istifadə edə bilərlər.
Yeməklərdə təbii duz istifadə edilməlidir. Yüksək təzyiq varsa, yeməklər az duzlu bişirilməlidir. Hamiləliyin ilk üç ayında ürəkbulanma və qusmalardan qorunmaq üçün qatı, quru və yağsız qidaları seçmək lazımdır. Səhər yuxudan qalxdıqda başlayan ürəkbulanmalarda bir dilim pendir faydalı ola bilər.

Fastfood qidalardan, paketlənmiş və rəf ömrü uzun qidalardan uzaq durmaq lazımdır. Hamiləlikdə artan zülal ehtiyacını qarşılamaq üçün qırmızı və ağ ət, süd və süd məhsulları, yumurta, balıq, lobya, mərcimək kimi zülallar zəngin qidalar faydalıdır. Hamiləlikdə ehtiyac olan kalsium miqdarı ikiqat artır. Kalsium baxımından zəngin qidalar pendir, süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlər çox faydalıdır.

Hamiləliyin 3-4 ayından sonra dəmir baxımından zəngin qidaların qəbulu və dərmanların həkim məsləhəti ilə qəbulu vacibdir. Çünki bu dövrlərdə dəmir əksikliyi ilə əlaqədar anemiya baş verə bilər. Hamilənin qida xaricində qəbul etməli olduğu tək preparat dəmirdir. Hamiləlik zamanı immunitet sistemini güclü saxlamaq və xəstəliklərə qarşı qorunmaq üçün c vitamini ilə zəngin meyvə – tərəvəz çox faydalı olar. C vitamini portağal, limon, qırmızı və yaşıl bibər, pomidor, çiyələk, kələm və meyvə tərəvəzdə zəngindir.

Körpənin mərkəzi sinir sisteminin inkişafı üçün ilk həftələrdən etibarən “B9 vitamini”, yəni fol turşusu qəbul etmək vacibdir. Yəni folik asit alınması önəmlidir. Təzə yaşıl tərəvəzlər fol turşusu qaynağıdır.
Ən çox ispanaq, yer fıstığı, fındıq, kəpəkli çörəkdə mövcuddur.
Qəbzliyə qarşı lifli qidalar qəbul etmək də çox faydalıdır. Bunlardan tam taxıllı çörək, ərik, kişmiş, noxud, tut və tərəvəzlər faydalıdır. Hamiləlik zamanı çay, qəhvə, kolalı içkilər tövsiyyə olunmur. Amma miqdarında bitki çaylar içmək faydalıdır. Spirtli içki heç bir halda qəbul etmək olmaz”.