“Günlük rasionumuzda şəkər qəbul etməliyik” – MÜNASİBƏT BİLDİRİLDİ

0 Shares

“Müasir dünyamızda şəkər 3 ağ zəhərdən biri kimi hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam həyat tərzi üzrə beynəlxalq təlimçi-ekspert, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın üzvü Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri şəkər gündəlik istehlak olunan məhsullardan olduğuna görə tərkibinə daha çox müdaxilələrin olmasıdır: “Ağardılmasında kimyəvi maddələrdən daha çox istifadə olunur. Eyni zamanda gec əriməsi, daha asan başa gələ bilməsi üçün bir çox müdaxilələr olunur. Təbii ki, belə şəkər istifadə etdikdə insan orqanizminə kifayət qədər zərərləri var. Ümumiyyətlə, şəkər insan orqanizminə zərərli deyil. Müəyyən miqdarda mütləq şəkildə günlük rasionumuzda şəkər qəbul etməliyik.

Çünki şəkər insan orqanizminə enerji verən məhsullardandır. Xüsusilə də, qadınlarda 20 qram, kişilərdə 35 qram günlük şəkər qəbulu normal hesab olunur. Bu da təxminən 100-150 kalori edir ki, həmin gündəlik şəkər ehtiyacı insanın enerjili olmasına, mərkəzi beyin sisteminin çalışmasına xidmət edir. Bu, təbii məhsulların tərkibindən alınsa, bu zaman daha çox faydaları olacaq. Təbii məhsulların – mövsümü meyvələrin, paxlalıların, quru meyvə-tərəvəzin, çərəzlərin tərkibində təbii şəkər var. Bunlardan qəbul olunsa, daha faydalı olar. Bundan başqa bir çox qidalar var ki, bunlara mövsümü tərəvəzləri – göyərtiləri göstərə bilərik ki, bunların tərkibində də faydalı şəkərlər var. Eyni zamanda süd və süd məhsullarının tərkibində laktoza olaraq şəkərlər var ki, bu kimi şəkərləri qəbul etdikdə insan orqanizmində həm qan şəkərinin tənzimlənməsində kömək olur, həm də xərçəngin qarşısını alır, gözlərin sağlamlığı üçün çox faydalıdır, həzm sistemini gücləndirir və beyin funksiyalarını, sinir sisteminin güclənməsinə kömək edir. İştah açıcıdır, qəbizliyi yox edir, həzmi rahatlaşdırır, enerji verir. Bunlar təbii şəkər hesabına olarsa, saydığımız faydalardan yararlana bilərlər. Əks halda mənşəyi bəlli olmayan, yaxud da, düzgün istehsal prosesi keçməyən şəkərlər insan orqanizmində bir çox fəsadlara səbəb olur. Bunlara diqqət etmək lazımdır”.

  • Hüseynli Nərgiz