Son dövrlər açıq havada, xüsusilə də bazarlarda gigiyenik qaydalara riayət olunmadan satılan qida məhsullarının sayı artmaqdadır. Bu vəziyyət istehlakçılar üçün ciddi sağlamlıq riski yaradır və qida zəhərlənmələrinin potensial səbəblərindən biri kimi qiymətləndirilir. Bəs, nə üçün bu cür açıq satışlara nəzarət zəifdir və bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, bazarlarda və küçə ticarətində gigiyena qaydalarına əməl edilmədən qida satışı hər zaman mövcud olub, olacaq da:
“Müəyyən nəzarət mexanizmlərini artırmaqla bu kimi halları minimuma endirə bilərik. Təbii ki, bu hal istehlakçıların sağlamlığı üçün ciddi risklər yaradır. Açıq şəkildə saxlanılan ət, süd məhsulları, şirniyyatlar və digər tez xarab olan qida məhsulları mikroorqanizmlərin, zərərvericilərin və tozun təsirinə məruz qalır. Bu isə qida zəhərlənmələrinin və digər yoluxucu xəstəliklərin yaranmasına səbəb olur.
Əlbəttə, qida təhlükəsizliyi ilə bağlı qanunvericilik mövcuddur. Lakin bəzi hallarda bu qaydaların icrasına nəzarət yetərincə ciddi aparılmır. Kiçik ticarətlə məşğul olanlar çox vaxt nəzarətdən yayına bilirlər. Həmçinin, nəzarət orqanlarının hər bazara, hər küçəyə mütəmadi baxış keçirməsi üçün həm fiziki, həm də resurs baxımından imkanları məhduddur. Satıcıların bir çoxu gigiyenik qaydalara riayət etməyin vacibliyini ciddiyə almır. Gigiyenik şərait yaratmaq sahibkar üçün əlavə xərc deməkdir. Bəzi iş adamları bu xərclərdən yayınmağa çalışırlar.
Açıq şəkildə qalan qida məhsulları toz, milçək və digər həşəratlarla çirklənə bilir. Xüsusilə isti havalarda temperaturun düzgün qorunmaması mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olur. Nəticə etibarilə zəhərlənmə halları artır”.
Ekspert onu da qeyd etdi ki, dövlət orqanları bazar və küçə ticarətinə mütəmadi olaraq yoxlamalar aparmalıdır:
“Gigiyenik tələblərə cavab verməyən satış məntəqələrinə ciddi cərimələr tətbiq olunmalıdır. Satıcıların məhsulları soyuducularda, bağlanmış vitrinlərdə və ya qoruyucu qablaşdırmada saxlaması məcburi olmalıdır. Həmçinin, xüsusi gigiyenik stendlərin quraşdırılması da vacibdir.
Vətəndaş cəmiyyəti institutları satıcılar və istehlakçılar arasında qida təhlükəsizliyi ilə bağlı təlimləri və maarifləndirici kampaniyaları artırmalıdır.
Biz, istehlakçılar olaraq, gigiyenik qaydalara əməl etməyən satıcılardan məhsul almamalıyıq. Hər kəs öz hüquqlarını bilməli və pozuntuları aidiyyəti qurumlara bildirməlidir”.
- Abbaszadə Fidan