Son illərdə fast-fud qidalardan istifadə xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə artıb.
Day.Az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu qidaların tərkibində olan konservantlar, dadlandırıcılar, aromatizatorlar və digər kimyəvi maddələr insan orqanizminə mənfi təsir göstərir, daxili orqanların fəaliyyətini zəiflədir və qida asılılığı yaradır.
O, bildirib ki, nəticədə uşaqlar və yeniyetmələr ənənəvi ev yeməklərindən, meyvə-tərəvəz və salatlardan uzaqlaşırlar ki, bu da vitamin-mineral çatışmazlığına və immunitetin zəifləməsinə səbəb olur.
“Fast-fudun geniş yayılmasının əsas səbəblərindən biri onun əlçatan və cəlbedici olmasıdır. Restoranların sayının çoxluğu, davamlı reklamlar, endirim kampaniyaları və müxtəlif hədiyyələr xüsusilə gənclərin diqqətini cəlb edir. Bu səbəbdən yalnız zərərləri izah etmək kifayət deyil, eyni zamanda sağlam qidalanma barədə davamlı maarifləndirmə aparılmalıdır. Məktəblərdə, universitetlərdə və ictimai yerlərdə sağlam qidaların əlçatan olması vacibdir. Keyfiyyətli və münasib qiymətli yeməklərin, təzə meyvə-tərəvəzlərin, çərəzlərin, su və ayranın satışının artırılması uşaqlarda sağlam seçim vərdişi formalaşdıra bilər. Bununla yanaşı, şagirdlərə etiket oxuma və qidanın tərkibini anlama bacarığı da aşılanmalıdır”, – deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, fast-fuddan həddindən artıq istifadə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri, diqqət pozuntusu və digər ciddi sağlamlıq problemlərinə yol açır:
“Eyni zamanda bu proses milli mətbəximizin və sağlam qidalanma ənənələrinin zəifləməsinə səbəb olur. Buna görə cəmiyyət, ailə və aidiyyəti qurumlar birlikdə çalışaraq sağlam qidalanmanı təşviq etməli və fast-fudu gündəlik qida vərdişinə çevrilməkdən qorumağa çalışmalıdır”, – o deyib.
- Fidan Abbaszadə






