Gələcəyin yeməkləri ət və böcək əsaslı proteinlər olacaq? – MÜTƏXƏSSİS Asim Vəliyevdən AÇIQLAMA:

0 Shares

Dünya əhalisinin sürətlə artması və resursların tükənməsi gələcəyin qida tədarükünə yeni yanaşmalar tələb edir. Ənənəvi heyvandarlıq və əkinçilik metodları həm ətraf mühitə mənfi təsir göstərir, həm də qlobal qida çatışmazlığı təhlükəsini aradan qaldırmaqda kifayət etmir. Bu kontekstdə, laboratoriyada yetişdirilən ət və böcək əsaslı proteinlər müasir qida sistemlərinin gələcəyində mühüm yer tutmağa başlayır. Bəs bunun səbəbləri nələrdir?

Mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev SİA-ya açıqlamasında deyib: 

“Dünya əhalisinin artması, ərzaq tələbatının sürətlə yüksəlməsi və ətraf mühitin qorunması ehtiyacı yeni qida alternativlərinin inkişafını vacib edir. Laboratoriyada yetişdirilən ət və böcək əsaslı proteinlər, gələcəyin ərzaq təminatında əhəmiyyətli rol oynaya bilər. BMT-nin məlumatlarına əsasən dünya əhalisinin 2050-ci ilə qədər 10 milyardı keçəcəyi proqnozlaşdırılır ki, bu da ərzaq istehsalında ciddi təzyiq yaradır. Ancaq burada əsas məsələ yalnız ərzaq çatışmazlığı deyil. Dünya səviyyəsində ərzağın ədalətsiz bölgüsü və qida israfı ərzaq çatışmazlığı qədər mühüm bir problem olaraq qalır. Statistikaya görə, dünyada istehsal olunan bütün ərzağın təxminən üçdə biri ya israf edilir, ya da istehlaka yararlı vəziyyətdə zibilə atılır. Bu, qlobal ərzaq təhlükəsizliyinə və ətraf mühitə böyük zərbə vurur. Laboratoriyada yetişdirilən ət və böcək əsaslı proteinlər mövcud problemlərin həllində bir çox üstünlüklər təqdim edir. Ənənəvi heyvandarlıq yüksək miqdarda torpaq, su və enerji tələb edir. Bunun əksinə olaraq, alternativ protein istehsalı bu resursların istifadəsini minimuma endirir. Məsələn, böcək əsaslı proteinlər ənənəvi ətdən 50 dəfə az su və torpaq tələb edir.

Dünyada qida çatışmazlığı məsələsi əslində istehsal azlığından deyil, ərzağın qeyri-bərabər paylanmasından və israfdan qaynaqlanır. İldə təxminən 1.3 milyard ton qida israf edilir. Bunun 60%-i inkişaf etmiş ölkələrdə baş verir, burada ərzaq tədarük zəncirində düzgün idarə edilmədiyi üçün zibilə atılır. İnkişaf etməkdə olan ölkələrdə isə itki əsasən məhsulun yığımı və saxlanması zamanı baş verir. Həmçinin inkişaf etmiş ölkələrdə bir nəfər ildə 95-115 kq qida israf edərkən, inkişaf etməkdə olan ölkələrdə bu göstərici cəmi 6-11 kiloqramdır. Halbuki, israf edilən qidanın cüzi hissəsi belə aclıq çəkən milyonlarla insana çatdırılsa, bu problem əhəmiyyətli dərəcədə azaldıla bilər.

Laboratoriyada yetişdirilən ətlər və böcək əsaslı proteinlər bu qlobal problemlərin həlli üçün yeni bir yanaşma təqdim edir. Alternativ protein istehsalı yalnız daha az resurs tələb etmir, həm də mövcud ərzaq tullantılarının protein mənbəyinə çevrilməsi potensialına malikdir. Bu qidaların istehsalı planetin məhdud resurslarını qorumağa kömək edir və gələcək nəsillərə daha yaxşı bir dünya miras qoymağa imkan yaradır. Ancaq alternativ qidaların gələcəkdə geniş yayılması bəzi çətinliklərlə müşayiət edilə bilər. Mədəniyyətlərdə böcəklərin qida kimi qəbul edilməsi çətin ola bilər. Laboratoriya şəraitində qida istehsalı hələ də yüksək xərclidir və kütləvi bazara uyğun hala gətirilməsi zaman tələb edir”.

~ Abbaszadə Fidan