GDO və insan sağlamlığı-risklər və faydalar: EKSPERT Asim Vəliyev AÇIQLADI:

0 Shares

GDO məhsulları müasir dünyada qida təhlükəsizliyi və sağlamlıq müzakirələrinin mərkəzində dayanır. Bəziləri onları məhsuldarlığı artıran və aclığın qarşısını alan bir texnologiya kimi qiymətləndirir, bəziləri isə sağlamlıq riskləri və etik tərəfləri səbəbilə narahatdır.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti, həmtəsisçi Asim Vəliyev bildirib ki, genetik modifikasiya olunan orqanizmlər müasir qida sənayesində ən çox müzakirə olunan mövzulardan biridir:

“Bu mövzuda 2 qrup var. Bir qrup GMO-nun zərərli olduğunu, bimüxtəlifliyi sıradan çıxardığını və uzunmüddətli istifadənin mənfi təsirləri olacağını müdafiə edir. Bir qrup isə məsuldarlığı artırmağını, xəstəliklərə davamlı bitkilər yetişdirməyi və ərzaq qıtlığının qarşısını aldığını müdafiə edir. Bu mövzuda müzakirə olunan bir neçə mümkün risk var. Genetik dəyişiklik zamanı başqa bitkidən gen köçürüldüyü üçün həmin yeni məhsulun allergiya yaratma ehtimalı arta bilər. Bu səbəbdən yeni GMO məhsulları satışa çıxmazdan əvvəl allergen testlərindən keçməlidir. Əvvəllər bəzi GMO bitkilərinin hazırlanmasında antibiotikə davamlılıq genlərindən istifadə olunurdu. Nəzəri olaraq bu genlərin insan orqanizminə ötürülməsi narahatlıq yaradıb. Son illər bu texnologiya demək olar ki, istifadə olunmur.

Həmçinin qısa və orta müddətli tədqiqatlar ciddi təhlükə göstərməsə də, onilliklərlə davam edən təsirlərin tam şəkildə öyrənilməsi üçün daha uzun araşdırmalara ehtiyac var. Buna görə bir çox ölkələr ehtiyatlı yanaşma tətbiq edir. Bəzi GMO bitkiləri zərərvericilərə qarşı dayanıqlı olur. Amma digərləri alaq otlarına davamlı olduğu üçün daha çox herbisid istifadəsini artırır. Bu da çirklənmə riskinə təsir edə bilər.

GMO texnologiyasının ən çox müzakirə edilən tərəflərindən biri onun biomüxtəlifliyə təsiridir. Genetik dəyişdirilən bitkilərin geniş yayılması kənd təsərrüfatında təkcə məhsuldarlığa deyil, ekosistemin ümumi sabitliyinə də təsir göstərir. Bu təsirlərin bir neçəsi daha çox diqqət tələb edir. GDO toxumları geniş istifadə olunduqda eyni genetik xüsusiyyətlərə malik bitkilər böyük ərazilərdə əkilir. Bu zaman yerli sortlar yavaş-yavaş sıradan çıxmağa başlayır. Genetik müxtəliflik azaldıqca xəstəliklərə qarşı həssaslıq artır, iqlim dəyişikliklərinə uyğunlaşma zəifləyir, yerli sortların tamamilə itib-batma təhlükəsi yaranır. Bu hal kənd təsərrüfatının uzunmüddətli davamlılığı üçün ciddi təhlükədir. Bəzi GMO bitkiləri külək vasitəsilə tozlanır, toxumu asan yayılır və qonşu sahələrə keçə bilir. Bu halda GMO xüsusiyyətləri vəhşi bitkilərə keçərək onların genetik strukturunu dəyişə bilər. Bu prosesə “gen axını” deyilir və biomüxtəliflik üçün əsas risklərdən biri hesab olunur. GMO bitkilərindən uzun müddət istifadə edildikdə bəzi alaq otları və həşəratlar yeni şəraitə uyğunlaşa bilir və daha güclü formaya keçirlər. Bu proses nəticəsində mövcud dərmanlara davamlı alaq otları, daha aqressiv həşərat növləri yarana bilər. Bu isə ekosistemin tarazlığını pozur və fermerləri daha çox kimyəvi maddə istifadəsinə məcbur edə bilər. Bəzi GMO qarğıdalı növlərində zərərvericiləri öldürən xüsusi zülallar mövcuddur. Lakin bu maddələr yalnız zərərli həşəratları deyil, tozlandırıcılar və bal arıları kimi faydalı canlıları da təsir edə bilər. Bu proses ekosistemdə domino effekti yaradır və təbii balansı pozur.

Həmçinin GMO toxumlar şirkətlərin mülkiyyətindədir. GMO toxumu satan şirkətlər Monsanto, Bayer və s. şirkətlər toxumu satarkən fermerə toxumu yenidən əkə bilməzsən. Növbəti il yeni toxumu bizdən alacaqsan kimi şərtlər də qoya bilir. Bu hal patent hüquqlarına uyğundur və fermer buna imza atır. İstənilən istehlakçı aldığı məhsulun mənşəyini və tərkibini bilməlidir. Kim GMO-lu qida istəmirsə, seçim hüququ olmalıdır. Əgər hər hansı GMO məhsulu ilə bağlı problem aşkar olunarsa, onun hansı partiyaya və məhsula aid olduğunu izləmək üçün etiketləmə zəruridir. Həm də etiketli məhsul istehlakçıda güvən yaradır. Şirkət tərkibi gizlətmir. Belə olduqda qida təhlükəsizliyi orqanlarının nəzarət etməsi də asanlaşır.

Avropa Birliyi, Türkiyə və digər ölkələrdə GMO məhsullarının açıq şəkildə etiketlənməsi məcburidir. Bu həm qida hüququnun, həm də istehlakçı hüquqlarının əsas hissəsidir. Azərbaycana GMO məhsulların gətirilməsi, satışı, rayonlaşdırılması qanunla qadağandır”.

  • Fidan Abbaszadə