Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gələcək və İnkişaf” gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ətraf mühit gənclərin gözü ilə” adlı layihənin icrasına başlanıb. Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında ekoloji şüuru formalaşdırmaqdan ibarətdir. İlk tədbir İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsili Mərkəzində həyata keçirilib. Tədbirdə layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, Peşə Təhsil Mərkəzinin Tədris və tələbələrlə iş üzrə şöbəsinin müdir köməkçisi Kamal Ağabalayev və “Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev iştirak edib.
* Peşə Təhsil Mərkəzinin Tədris və tələbələrlə iş üzrə şöbəsinin müdir köməkçisi Kamal Ağabalayev çıxış edərək qeyd edib ki, “Təhsil müəssisəsi olaraq, bizim əsas məqsədlərimizdən biri gəncləri gələcəyin ixtisaslı və sosial məsuliyyətli vətəndaşları kimi yetişdirməkdir. Ekoloji şüurun formalaşdırılması isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün burada ekoloji mövzularda biliklərimizi bölüşərək, gənclərimizin yaşıl dünya naminə birləşmələrinə töhfə verəcəyimizə inanıram.”
Layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxış edərək qeyd edib ki, gənclərimizdə ekoloji məsuliyyət hissini artırmaq və onların ətraf mühitin qorunmasında daha fəal iştirakını təmin etmək çoc vacibdir. Gənclər olaraq, gələcəyimizi qurmaq üçün ətraf mühitə qarşı həssas yanaşmalı və yaşadığımız dünyanı qorumaq üçün hamımız birlikdə addımlar atmalıyıq.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirib ki, bu layihənin bir parçası olmaqla gənclərimizin ekoloji biliklərini artırmağa dəstək verməkdən qürur duyuruq. Gənclərimizin ətraf mühitə dair məsuliyyətli mövqeyinin formalaşması, onların gələcəkdə ölkəmiz üçün daha da dəyərli vətəndaşlar olmasına imkan yaradacaq.”
Layihə çərçivəsində suya qənaətin önəmini vurğulayan sosial-çarx izlənilib və bütün iştirakçılara sertifikatlar təqdim olunub.