Enerjimizi məhv edən energetik içkilər – DİQQƏTLİ OLUN!

0 Shares

Enerji içkiləri bəzi insanların davamlı qəbul etdiyi məhsuldan biridir. Mütəxəssislər deyirlər ki, bu cür içkilərdən davamlı istifadə insanların sağlamlığına ciddi şəkildə zərər vurur. Yetkinlik yaşına çatmış şəxslərdən əlavə uşaqlar, yeniyetmələr arasında da enerji içkilərinin qəbulu çoxalıb.

Sağlam qida təbliğatçısı Asim Əliyev Modern.az-a bildirib ki, energetik içkilər yeniyetmə və gənclərin həyatına mənfi təsirlər göstərə bilər:

“Bu içkilərin tərkibində yüksək miqdarda kofein, şəkər var. Bu da fiziki və psixoloji sağlamlığa ciddi təhlükələr yarada bilər. Artıq miqdarda kofein yuxu problemlərinə, əsəbilik, həyəcan, ürək ritminin pozulması və hətta panik-ataklara səbəb ola bilər. Kofein eyni zamanda diqqət dağınıqlığına, həddindən artıq həyəcana səbəb ola və asılılıq yarada bilər. Energetik içkilər ürək ritmini artırır, təzyiqi yüksəldir və ürək-damar problemləri riski yaradır. Yeniyetmə və gənclər arasında artıq istifadə edildikdə infarkt hallarına gətirib çıxara bilər”.

  • Ekspert qeyd edir ki, bu içkilərin tərkibində yüksək miqdarda şəkər var ki, bu da piylənməyə və diabetə səbəb ola bilir:

“Uzun müddətli istifadə hallarında depressiya və əhval-ruhiyyə problemləri yarana bilər. Gənclər özlərini daha enerjili hiss etmək üçün bu içkilərdən istifadə edir, amma bu təsir keçicidir və sonradan enerjisizlik və hətta depressiyaya səbəb ola bilir. Energetik içkilər güc, enerji və həyəcan vəd edən marketinq kampaniyaları vasitəsilə yeniyetmə və gənclər arasında populyarlıq qazanır. Gənclər yuxusuzluğu və ya imtahan dövrlərində enerjili olmaq istəyirlər. Bu içkilər onlara qısa müddətli enerji verir”.

  • Hüseynli Nərgiz