“Yüksək miqdarda şəkər və kafeinə malik enerji içkilərinin tərkibinə taurin və ginseng kimi maddələr qatılır”. Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.
Onun sözlərinə görə, 250 ml-lik bir qutu enerji içkisində 80 mq, 100 ml isə 12 qr şəkər mövcuddur: “Enerji içkisinin tərkibində kofein olduğuna görə qəbul edildikdən 10 dəqiqə sonra qana qarışaraq təzyiqi yüksəldir və ürək döyüntüsünü artırır. 30 dəqiqə sonra isə kofein sorulması dayanır, yuxu halını dağıdır və göz bəbəkləri böyüyür. Enerji içkiləri spirtlə birlikdə qəbul edildiyi zaman ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. Aşağıdakı zərərlərini sıralaya bilərik. Çox qəbul edildikdə kafein zəhərlənməsinə səbəb ola bilər. Kofein tərkibli olduğu üçün asılılığa səbəb ola bilir. Tərkibində çox şəkər olduğu üçün orqanizmin su itkisinə səbəb ola bilər. Qazlı və rəngli içkilərin tərkibində şəkər çox olduğu üçün sağlamlığa zərərlidir. Heç bir halda qida dəyəri və faydalı tərəfi yoxdur. Ürək-damar xəstəliklərinə, diş çürüməsinə, obezitəyə, sümük əriməsinə səbəb ola bilir. Tərkibində asılılıq yaradan qatqı maddələri mövcuddur. Uşaq yaşdan rəngli içkilər qəbul etmək obezitəyə meyillilik yaradır və zəmin hazırlayır”.
Arzu Qurbanlı