Energetik içkilər yeniyetmə və gənclərin həyatına bir sıra mənfi təsirlər göstərə bilir. Bu içkilərin tərkibində yüksək miqdarda kofein, şəkər var. Bu da fiziki və psixoloji sağlamlığa ciddi təhlükələr yaradır.
Artıq miqdarda kofein yuxu problemlərinə, əsəbilik, həyəcan, ürək ritminin pozulması və hətta panik ataklara səbəb ola bilər. Kofein eyni zamanda diqqət dağınıqlığına, həddindən artıq həyəcana səbəb ola və asılılıq yarada bilər. Eyni zamanda ürək ritmini artırır, təzyiqi yüksəldir və ürək-damar problemləri riskini artırır.
Qida üzrə ekspert Asim Vəli “Yeni Azərbaycan” – a açıqlamasında bildirir ki, bu içkilərdən yeniyetmə və gənclər arasında artıq istifadə edildikdə infarkt hallarına gətirib çıxara bilər. O, qeyd edir ki, bu içkilərin tərkibində yüksək miqdarda şəkər var ki, bu da piylənməyə (obezitəyə) və diabetə səbəb ola bilir.
Uzun müddətli istifadə hallarında depressiya və əhval-ruhiyyə problemləri yarana bilər: “Gənclər özlərini daha enerjili hiss etmək üçün bu içkilərdən istifadə edir, amma bu təsir keçicidir və sonradan enerjisizlik və hətta depressiyaya səbəb ola bilir.
Energetik içkilər güc, enerji və həyəcan vəd edən marketinq kampaniyaları vasitəsilə yeniyetmə və gənclər arasında populyarlıq qazanır”.
Mütəxəssisin sözlərinə görə gənclər imtahan dövrlərində enerjili olmaq istəyirlər: “Bu içkilər onlara qısa müddətli enerji verir.
Bir çox yeniyetmə və gənc, dostlarının bu içkilərdən istifadə etdiyini görüb, onları sınaqdan keçirmək istəyir. Bu səbəblər yeniyetmə və gənclər arasında energetik içkilərin istifadəsinə böyük tələbat yaradır, lakin bu içkilərin sağlamlığa təsirlərinə dair maarifləndirmənin artırılması vacibdir”.
- Hüseynli Nərgiz