Ekspert Asim Vəliyevdən Xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN!

0 Shares

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil, həm də virus və infeksiyalara qarşı effektiv müdafiə mexanizmi kimi çıxış edir.

Bəs rütubətli havalarda immun sistemini gücləndirmək üçün hansı qidalar daha faydalıdır?

Qida məsələləri üzrə ekspert Asim Vəliyev KONKRET.az-a açıqlamasında qeyd edib ki, fəsil dəyişikliyi ilə birlikdə həm geyimdə, həm də qida rasionunda dəyişiklik etmək vacibdir: “Rütubətli mühit patogen mikroorqanizmlərin və kif göbələklərinin artması üçün əlverişli şərait yaradır. Gün işığının azalması və temperatur fərqləri də immun sisteminə mənfi təsir göstərir. İmmun hüceyrələrinin böyük hissəsi bağırsaqlarda yerləşdiyi üçün bu dövrdə həzm sisteminin qorunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan probiotiklərlə zəngin qidaların qəbulu tövsiyə olunur. Evdə hazırlanmış qatıq, təbii kefir və kələm turşusu bağırsaq florasını gücləndirərək viruslara qarşı ilkin müdafiə rolunu oynayır. Sarımsaq tərkibindəki allisin maddəsi sayəsində təbii antibiotik təsiri göstərir və çiy halda istifadə edilməsi daha faydalıdır. Zəncəfil və sarıkök isə orqanizmi daxildən isidir, iltihabın qarşısını alır. Sarıkökün qara istiot və zeytun yağı ilə birlikdə istifadəsi isə onun mənimsənilməsini artırır”.

Asim Vəliyev əlavə edib ki, C vitamini ilə zəngin qidalar – itburnu dəmləməsi, kivi, bibər və sitrus meyvələri bu mövsümdə xüsusilə vacibdir. Sink çatışmazlığının immuniteti zəiflədən əsas amillərdən biri olduğunu deyən ekspert, balqabaq toxumu, qırmızı ət və mərci kimi məhsulların rasionda yer almasının önəmini vurğulayıb: “Rütubətli havalarda qidalarda kiflənmə riski artır. Un, düyü və qoz-fındıq kimi məhsulların rütubəti tez çəkməsi nəticəsində zərərli aflatoksinlərin yaranma ehtimalı yüksəlir. Bu səbəbdən qidaların quru və şüşə qablaşdırmada saxlanılması, eləcə də alış zamanı məhsulların vəziyyətinə diqqət yetirilməsi tövsiyə olunur”.

Ekspert sonda bildirib ki, soyuq və rütubətli havalarda susuzluq hissi azalsa da, orqanizmin normal fəaliyyəti üçün kifayət qədər su qəbulu vacib olaraq qalır. Otaq temperaturunda su içmək toksinlərin orqanizmdən xaric olunmasına kömək edir.

  • Fidan Abbaszadə