“Ədviyyatlar qədim dövrlərdən bəri həm yeməklərə dad və ətir vermək, həm də sağlamlıq məqsədilə istifadə olunub. Elmi araşdırmalar göstərir ki, bir çox ədviyyatlar antioksidant, iltihab əleyhinə və antibakterial xüsusiyyətlərə malikdir. Bu təbii maddələr düzgün miqdarda və mütəmadi şəkildə istifadə olunduqda, bir sıra xəstəliklərin qarşısının alınmasına və ümumi sağlamlığın qorunmasına töhfə verə bilər.”
Bu fikirləri KONKRET.az-a açıqlamasında Sağlam qida təbliğatçısı Asim Vəliyev səsləndirib.
“Zərdəçalın əsas fəal maddəsi olan kurkumin güclü antiinflamator və antioksidant təsirə malikdir. Araşdırmalar sübut edir ki, kurkumin immun sistemini gücləndirir, xərçəng hüceyrələrinin inkişafını ləngidir və beyində neyrodegenerativ xəstəliklərin qarşısını ala bilir. Bundan əlavə, oynaqlarda ağrını azaldaraq revmatizm xəstəliklərinə qarşı da təsir göstərir.
Zəncəfil tənəffüs yollarını təmizləyir, soyuqdəymə və qrip əlamətlərini yüngülləşdirir. Eyni zamanda, mədə-bağırsaq sistemini tənzimləyir, ürəkbulanmanı aradan qaldırır. Tərkibindəki gingerol maddəsi isə iltihabla mübarizə aparır və xərçəng hüceyrələrinin böyüməsini ləngidə bilir.”
Ekspert bildirir ki, darçın qan şəkərini tənzimləməyə kömək edir və 2-ci tip diabetin idarə olunmasında faydalı ola bilər. O, həmçinin infeksiyalara qarşı qoruyucu təsirə malikdir və ürək-damar xəstəlikləri riskini azaldır.
“Mətbəximizdə tez-tez istifadə olunan qara istiotun tərkibindəki piperin maddəsi maddələr mübadiləsini sürətləndirir və qidaların, xüsusilə də kurkuminin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Bu səbəbdən digər ədviyyatlarla birlikdə istifadə edildikdə təsiri daha da güclənir.
Qoxusu çox bəyənilməsə də, sarımsaq təbii antibiotik kimi tanınır. Tərkibindəki allisin maddəsi bakteriya və viruslara qarşı təsirlidir. Sarımsaq həm də ürək-damar sistemini qoruyur, təzyiqi tənzimləyir və xolesterin səviyyəsini azaldır.
Ədviyyatlar düzgün istifadə olunduqda orqanizmin bir çox funksiyalarını dəstəkləyir və xəstəliklərə qarşı təbii qalxan rolunu oynayır. Ən əsası isə, kimyəvi dərmanlardan fərqli olaraq, bunlar təbii, əlçatan və nisbətən zərərsizdir. Lakin istənilən ədviyyatın istifadəsində balans vacibdir — artıq miqdarda qəbul allergik reaksiyalar və digər narahatlıqlara səbəb ola bilər.”
- Hüseynli Nərgiz