Dondurulmuş tərəvəzlər zərərlidir? – Mütəxəssis Asim Vəliyevdən AÇIQLAMA:

0 Shares

“Dondurulmuş tərəvəzlər müasir dövrümüzdə bir alternativ kimi təqdim olunsa da, bəzi potensial zərərləri və diqqət edilməli məqamları var”. 

Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida mütəxəssisi Asim Vəliyev deyib.

Asim Vəliyev sözlərinə belə davam edib: “İlk olaraq tərəvəzlərin dondurulma prosesi zamanı onların tərkibindəki bəzi vitaminlər, xüsusilə C vitamini kimi istiliyə və emala həssas olan maddələr azala bilir. Bu qidaların ümumi qida dəyərinin düşməsinə səbəb olur. Digər tərəfdən də bəzi istehsalçılar tərəvəzləri dondurmadan öncə onları qızdırır (blanşlaşdırma prosesi). Bu hal isə əlavə vitamin itkisinə səbəb ola bilir.

Bəzi dondurulmuş tərəvəzlərə daha yaxşı dad və rəng vermək üçün qoruyucu maddələr və ya dadvericilər əlavə olunur. Bu əlavələr bəzi insanlarda allergik reaksiyalar və ya həzm problemləri yarada bilir. Həmçinin ucuz və aşağı keyfiyyətli məhsulların istehsalında gigiyenik qaydalara tam əməl olunmaması ehtimalı da var.

Dondurulmuş məhsullar uzun müddət saxlandığı üçün onların düzgün şəraitdə saxlanılmaması, məsələn soyuducunun temperatur rejiminin pozulması qida təhlükəsizliyi baxımından risk yarada bilir. Bəzi hallarda məhsullar əridilib təkrar dondurulmuş ola bilər ki, bu da mikroorqanizmlərin artmasına və qida zəhərlənməsinə səbəb ola bilər.

Ümumiyyətlə dondurulmuş tərəvəzlər tamamilə zərərli sayılmasa da, onların keyfiyyəti, tərkibi və saxlanılma şəraitinə diqqət edilməlidir. İmkan daxilində təzə, mövsümi tərəvəzlərin istifadəsi daha sağlam seçimdir”.

  • Abbaszadə Fidan