Bu il COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə çıxışında vurğuladığı məqamlarda beynəlxalq konfransın Azərbaycanın paytaxtı Bakıda təşkili və bu qərarın bütün ölkələr tərəfindən dəstəklənməsi barədə söylədikləri dünya üçün böyük mesajdır.
Azərbaycan ərazilərinin 30 illik işğal dövründə həmin torpaqlarımızda ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür.
Otuz il sonra Azərbaycan ərazilərinin erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldı. Bu inkaredilməz məsələlər qarşısında, hətta Azərbaycanla dost münasibətdə olmayan ölkələr belə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərar qəbul etdi.
“Dövlətimizin başçısı İlham Əliyev müşavirədə çıxışında bu barədə danışaraq qeyd etdi ki, verilən qərar beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Nəzərə alsaq ki, beynəlxalq birlik dünyanın bütün ölkələridir və onların yekdilliklə Azərbaycana böyük dəstək göstərməsi dövlətimizin dünyada etimad və nüfuzuna işarədir. Eləcə də, bu maraq, hörmət, etimad 2023-cü ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası çərçivəsində ilk dəfə öz pavilyonu ilə çıxış edən Azərbaycana göstərilən diqqətlə də özünü büruzə verdi”, – deyə M.Hüseynova əlavə edib.
Dubayda 28-ci sessiyası çərçivəsində Azərbaycan pavilyonuna böyük marağın şahidi olduğunu bildirən İctimai Şuranın üzvü vurğulayıb ki, həmin pavilyonun konsepsiyası ölkəmizi zəngin flora və faunası üzərində qurulmuşdu. İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri və digər layihələr barədə məlumat verilirdi. Pavilyonda ölkəmizin 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləməsi və bu istiqamətdə aktiv fəaliyyət göstərməyin Azərbaycan hökuməti üçün prioritet məsələ olması haqqında məlumatlar yer almışdı.
Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərirdi. İnteraktiv formatda isə “Azərbaycanın ətraf mühit xəritəsi” Milli parklar, İqlim növləri, bərpa olunan enerji, su ehtiyatları və yaşıl konsepsiya əks olunurdu. Hər mövzuda mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsi təqdim edilirdi. Pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunurdu. Burada “Qırmızı kitab”a salınmış və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər barədə informasiyalar yer alırdı. QHT və dövlət qurumlarının həyata keçirdiyi ekoloji layihələr, ölkəmizdəki mina problemi və ekoloji nəticələrinə dair bilgilər verilirdi.
Məhsəti Hüseynova deyib ki, pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusilə də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunurdu. Pavilyonun hər bir ziyarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşulur və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilirdi. Bu ağaclar Qarabağ bölgəsində – Füzuli şəhərində əkiləcək.
Xüsusilə Xəzər dənizi regionunda iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma mövzusunda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası” Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzəryanı ölkələrin, BMT-nin Ətraf Mühit və Məskunlaşma proqramlarının yüksək səviyyəli rəsmiləri iştirak etdi.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında iqlim dəyişiklikləri nəticəsində son illər Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliyə diqqət çəkərək, bu nadir ekosistemin qorunması ilə bağlı regional əməkdaşlığın vacibliyini və problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd etdi.
“Bütün bunlar göstərir ki, Azərbaycan COP29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməyə nail olacaq. Bununla da ölkəmiz, xalqımız növbəti böyük uğur qazanacaq. Azərbaycanın neft-qaz ölkəsi kimi bu sahədə inkişafı, yaşıl enerji ilə bağlı layihələrin həyata keçirilməsi, yaşıl enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritet istiqamət olduğunu dünyaya göstərəcək. COP29-la bağlı 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir. Məhz bu il belə mötəbər tədbirlə Azərbaycan dünyaya öz qüdrətini göstərməyə çalışacaq”, – deyə ETSN yanında İctimai Şuranın üzvü fikrini yekunlaşdırıb.
- Hüseynli Nərgiz