Bir məhsulun yetişdirilməsi zamanı həddindən artıq gübrədən və kimyəvi maddələrdən istifadə olunmasının insan səhhətinə böyük ziyan vurduğu bildirilir. Mütəxəssislər bu gün bütün dünyada meyvə-tərəvəzlərin gübrə ilə istehsal olunduğunu deyir. Lakin istifadə olunan gübrələr həm orqanik, həm də kimyəvi tərkibli ola bilər. Hazırda qış fəslini yaşadığımızı nəzərə alsaq, deyə bilərik ki, ya istixanalarda xüsusi yolla, ya da yayda yetişdirilmiş, satışdakı mövsümi olmayan məhsullar soyuducularda saxlanılandır.
Bəzən çox qeyri-orqanik üsullarla yetişdirilmiş məhsullardan zəhərlənənlər belə var. Bu səbəbdən meyvə-tərəvəz alarkən nəyə diqqət etməliyik?
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, insan orqanizmi yaşadığı ərazidən 400 kilometr radiusda yetişdirilən bitkilərdən, meyvə-tərəvəzdən, qida məhsulu olaraq saxlanılan heyvan ətlərindən istifadə etdikdə daha çox fayda götürür: “Eyni zamanda, orqanizm genetik olaraq belə məhsulları daha rahat həzm edir və həmin kodları tanıyır. Ancaq bu gün satışda mövsümi olmayan, xaricdən gətirilən meyvə-tərəvəzlər və digər qida məhsulları var. Bunların heç də hər biri insan orqanizminə fayda vermir. Xüsusilə də süni şəkildə və həddindən artıq istilik verilərək böyüdülən meyvə-tərəvəzlərdə çoxlu gübrələrdən, o cümlədən herbisit və pestisit kimi tanınan kimyəvi dərmanlardan istifadə edirlər. Kimvəvi maddələr də bitkinin tərkibinə daxil olur ki, insan belə qidaları qəbul edən zaman zəhərlənmə, allergiya və orqanizmin kimyəvi maddələrlə həddən artıq yüklənməsi kimi hallarla qarşılaşa bilir. Bu da daxili orqanların funksiyalarının pozulması ilə yanaşı, insan orqanizminin meyvə-tərəvəzlərdən alacağı vitamin və mineralları təmin etmir. Ona görə də yaxşı olar ki, mütləq şəkildə mövsümi meyvə və tərəvəzlərdən istifadə edilsin. Çünki belə qidalar mövsümi hava şəraitinə və iqliminə görə təbii şəkildə yetişdirilir. Eyni zamanda, bu məhsulların quruluşuna da diqqət etmək lazımdır. Belə ki, onlar ənənəvi ölçülərindən həddən artıq böyük, rəngləri isə çox parlaq, formaları eyni qəlibdən çıxmış kimi olmamalıdır. Belə meyvələri xüsusilə də yeniyetməlik yaşında olanlar yeməməlidir. Ona görə ki, yeniyetmələr cinsi yetişkənlik dövründə olduğundan süni yetişdirilmiş meyvələr və geni dəyişdirilmiş məhsullar onların hormonal və xromosom balansına təsir edə bilər. Cinsi yetişkənlik doğru getməyən zaman isə bu, gələcəkdə müəyyən xəstəliklərə, o cümlədən sonsuzluq kimi böyük problemlərə səbəb ola bilər. Ona görə bu məhsulları sözügedən dövrdə qəbul etmək tövsiyə olunmur. Daha yaxşı olar ki, insanlar yerli və ənənəvi, rəngi daha təbii, qoxusuz, çox parlaq olmayan məhsullara üstünlük versinlər. Həmçinin gündəlik mövsümə uyğun 4-5 meyvə və tərəvəzin yeyilməsi orqanizm üçün lazım olan balansı ödəyəcək”.
Sayalı Abasova, “İki sahil”