Bu içkilər ölümə aparır! – Mütəxəssis Asim Vəliyev’dən AÇIQLAMA:

0 Shares

Enerji içkiləri qısa müddət ərzində yorğunluğu azaltmaq və diqqəti artırmaq üçün istifadə olunur. Lakin onların sağlamlığa bir sıra mənfi təsirləri var.

Mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, enerji içkilərinin uzun müddət istifadəsi ürək-damar sisteminə ciddi təsir göstərir. 

Bu içkilərin tərkibində adətən yüksək miqdarda kafein, şəkər və müxtəlif stimulyatorlar olur. Kafein qısa müddətdə orqanizmi oyaq saxlasa da, yüksək dozada və davamlı istifadədə ürək-damar sistemi üçün riskli ola bilər. İlk növbədə, kafein qan təzyiqini artırır. Araşdırmalar göstərir ki, enerji içkilərinin müntəzəm istifadəsi nəticəsində yüksələn qan təzyiqi zamanla hipertoniya riskini artırır ki, bu da ürək xəstəliklərinin yaranmasının əsas səbəblərindən biridir.

A.Vəliyev qeyd edib ki, bu içkilərin tərkibindəki kafein ürək ritminə təsir edərək aritmiyaya, yəni ürək döyüntülərinin ritminin pozulmasına səbəb ola bilir. Xüsusilə, genetik meylliliyi olan və ya artıq ürək-damar problemi yaşayan şəxslərdə bu risk daha da yüksək olur. Enerji içkiləri qandakı şəkər səviyyəsini də sürətlə artırır, bu da orqanizmdə insulin müqavimətini gücləndirərək şəkərli diabet riskinə səbəb olur. Həmçinin, yüksək şəkər tərkibi uzun müddət istifadə edildikdə damar divarlarının elastikliyini azaldır, bu isə damar sərtləşməsi riskini yüksəldir. 

Enerji içkiləri müntəzəm istifadə olunduqda orqanizmin normal bioritmini pozur və stress hormonlarının səviyyəsini artırır. Bu vəziyyətin uzun müddət davam etməsi ürəyin həddən artıq gərginləşməsinə səbəb olur və infarkt riskini artıra bilər. Nəticə etibarilə, enerji içkilərinin uzun müddətli istifadəsi ürək xəstəlikləri, damar tıxanması və ürəkçatışmazlığı kimi ciddi problemlərə səbəb ola bilər.

Ekspertin sözlərinə görə, enerji içkiləri, xüsusilə yeniyetmələr və gənclər üçün ciddi sağlamlıq riskləri daşıyır. Bu yaş qrupunda orqanizmin hələ tam formalaşmadığını nəzərə alsaq, enerji içkilərininyaratdığı mənfi təsirlər daha çox ola bilər. “Əvvəla, enerji içkilərinin yüksək kafein tərkibi mərkəzi sinir sisteminin həddindən artıq stimullaşdırır. Yeniyetmələrdə diqqət dağınıqlığına, yuxusuzluğa, əsəbiliyə və həddindən artıq aktivliyə səbəb ola bilir. Uzun müddətli kafein istifadəsi yuxu rejiminin pozulmasına gətirib çıxarır, bu isə gənclərin təhsil performansını və ümumi həyat keyfiyyətini azaldır”.

A.Vəliyev onu da qeyd edib ki, digər narahatedici məqam , enerji içkilərinin yeniyetmələrdə psixoloji problemləri artırma riskidir. Kafein asılılıq yarada bilər və zamanla bu asılılıq daha çox kofein tələbatı ilə nəticələnir. Bu isə panik atak və hətta depressiya kimi problemləri gücləndirir. Enerji içkilərinin davamlı istifadəsi əsəbi davranışlara və həddindən artıq qıcıqlanmağa səbəb ola bilər.
Bundan başqa, enerji içkilərinin tərkibində olan şəkər və digər süni qatqılar da ciddi problemlərə yol açır. Yüksək şəkər miqdarı gənclərdə piylənmə riskini artırır və bu da gələcəkdə metabolik sindrom, insulin müqaviməti və diabet kimi problemlərə səbəb ola bilər. Gənclərin sağlam qidalanmaya meyl etməli olduqları dövrdə belə içkilərin istifadəsi onların metabolizmasını pozaraq gələcəkdə bir sıra sağlamlıq problemlərinin yaranmasına zəmin yaradır.

~ Abbaszadə Fidan