Binəqədi rayonunda “Sağlam gələcək sağlam qidadan başlayır” adlı tədbir həyata keçirildi

0 Shares

03.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam Gənclik, Sağlam Gələcək” adlı layihə çərçivəsində Binəqədi rayonunda yerləşən 135 saylı orta məktəbdə “Sağlam gələcək sağlam qidadan başlayır” adlı tədbir həyata keçirildi.

Tədbirin keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri zərərli vərdişləri və onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir. Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov qida təhlükəsizliyi, sağlam həyat tərzi mövzusunda tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Daha sonra birliyin sədri Asim Vəliyev layihə çərçivəsində Azərbaycanda ilk dəfə keçiriləcək “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu və yeni yaradılmış www.saglamqida.az saytı və forumda təqdim olunacaq “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab haqqında geniş məlumat verdi. Daha sonra Birliyin icraçı direktoru, layihə rəhbəri və sağlam qida mütəxəssisi Məhsəti Hüseynova sağlam qidalanma və düzgün həyat tərzi, yuxu rejiminin qidaya təsirləri haqqında geniş məlumat verdi. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədr müavini Gülnarə Bağırova, MQF-nin vitse-prezidenti Asif Əsgərlinin çıxışları dinlənildi. Çıxışlarda ərzaq təhlükəsizliyinin vacibliyi, Azərbaycanda gənclərin qeyri-sağlam, xeyirsiz qidalardan uzaq duraraq sağlam vətəndaş kimi formalaşmasının önəmi vurğulanıb, bu istiqamətdə görülən işlərdən danışılıb, sağlam qidalanma və düzgün həyat tərzi, yuxu rejiminin qidaya təsirləri haqqında ətraflı məlumat verilib. Çıxışların ardından müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.