Azərbaycanda ilk dəfə “Sağlam Qida” Könüllüləri 1-ci Respublika forumu keçirildi

0 Shares

İyunun 8-də “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirən “Sağlam qida” könüllülərinin 1-ci respublika forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən “Sağlam gələcək, sağlam gənclik!” layihəsi çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev bildirib ki, forumun keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları xəstəliklərdən xilas etmək, zərərli vərdişlərdən çəkindirmək, sağlam qidalanma və düzgün həyat tərzi ilə əlaqədar olaraq ətraflı maarifləndirməkdir.

Sonra layihənin rəhbəri Məhsəti Hüseynova forum çərçivəsində baş tutacaq panel müzakirələr barədə məlumat verib.

Tədbirdə Milli Məclisin deputatları Sona Əliyeva, İlham Məmmədov, eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Fərid Əmirov, Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Zeytun Bağları markasının rəhbəri Ramil Ümidli, Sirab şirkətinin mətbuat sözçüsü Sərkərdə Sərxanoğlu, Saf Qida şirkətinin həmtəsisçisi Orxan İsgəndərov və müvafiq qurumların nümayəndələri çıxış edərək mövzunun insanlar üçün son dərəcə vacib olduğunu bildirib, gənclərin bu işdə təşəbbüskarlığı artırmalarının önəmini qeyd ediblər.

Daha sonra qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə “Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi, çətinliklər, görülən işlər və hədəflər”, “Sağlam qida sağlam gələcəyin təminatıdır”, “Sağlam həyat tərzinin təbliğində könüllülərin rolu” mövzularında panellər keçirilib. Panellərdə Zeytun bağları markasının mütəxəssisi Tural Babayev, qida mütəxəssisi İsa Əliyev, AQTA-nın əməkdaşı Arzu Yusubova, AMEA-nın elmi işçisi Natəvan Kərəmova, Səhiyyə Nazirliyinin İSİM-nin şöbə müdiri Şəhla Mirzəzadə, Zərərli vərdişlərə qarşı İB-nin sədri Zaur Orucov, tanınmış dietoloq Leyla Zülfüqarlı, psixoloq Vüsalə Əmiraslanova, Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Proqres qrupun nümayəndəsi, həkim Ramil Həsənzadə iştirak etmişdilər.

Forumda müxtəlif universitetin tələbələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Forum çərçivəsində yeni yaradılmış www.saglamqida.az saytı da iştirakçılara təqdim edilib. Bildirilib ki, saytda davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin ziyanları və ondan xilas olmağın yolları, asudə vaxtların səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və faydalı qidalar, onları ayırdetmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətləri, hesabatlar, görüntülü maarifləndirici videoçarxlar yerləşdiriləcək.

Forum iştirakçılarına, eyni zamanda, yeni nəşr olunan “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab da təqdim olunub. Qeyd edilib ki, bu kitab insanlara, xüsusilə də gənclərə sağlam həyat tərzinin formalaşdırılmasında, qida və qida təhlükəsizliyi haqqında, düzgün və sağlam qidalanma rejimi, xüsusən müasir dövrümüzün genetik silahı hesab olunan geni dəyişdirilmiş orqanizmlər (GDO) barədə maarifləndirici məlumatlar əldə etməkdə yardımçı olacaq.