Yeni il süfrələrində yağlı, şirin və nişastalı yeməklərin bir arada istehlakı mədə-bağırsaqda narahatlıq yarada bilir. Təbii ki, bayramda yeməklər bir neçə gün yeyiləcək qədər bol hazırlanır.
Bəs bayramdan qalan yeməkləri istehlak etmək nə qədər doğrudur?
Bu yeməkləri necə hansı şəraitdə saxlaya bilərik ki, daha sonra fəsadları ilə üzləşməyək?
Mövzu ilə bağlı danışan sağlam qida təbliğatçısı Asim Vəliyev Patrul.az-a bildirib ki, hər bir qidanın saxlanma şəraiti, temperaturu və saxlanma müddətinə diqqət etsək istifadəyə yararlı olur:
“Bayramdan qalan yeməklərin istehlakı da tamamilə qadağan deyil. Qeyd etdiyim kimi necə saxlanılmasından və nə qədər vaxt keçməsindən birbaşa asılıdır. Əks halda ciddi sağlamlıq riskləri yarana bilər.
Bayram süfrələrində adətən müxtəlif növ yeməklər olur. Ət xörəkləri, salatlar, şirniyyatlar, souslar və süd məhsulları uzun müddət açıq havada qalır. Bu zaman mikroorqanizmlər üçün əlverişli şərait yaranır. Xüsusilə 2 saatdan çox otaq temperaturunda qalan yeməklər risklidir. İsti hava şəraitində bu müddət daha da qısalır.
Bayramdan qalan yeməklər yalnız düzgün şəraitdə saxlanılıbsa yenidən istifadə edilə bilər. İlk və əsas şərt sürətli soyutmadır. Yeməklər süfrədən yığışdırıldıqdan sonra maksimum 1-2 saat ərzində soyuducuya qoyulmalıdır. Yeməyi dərin qablarda deyil, kiçik porsiyalar şəklində saxlamaq daha doğrudur”.
Mütəxəssis əlavə edib ki, soyuducuda temperatur +4 dərəcədən yuxarı olmamalıdır:
“Bişmiş ət yeməkləri 48 saatdan artıq saxlanmamalıdır. Toyuq və balıq xörəkləri daha risklidir və 24 saat ərzində istifadə olunmalıdır. Mayonezli salatlar, qatıq və süd məhsulları olan yeməklər isə ümumiyyətlə uzunmüddətli saxlanma üçün uyğun deyil. Bu cür yeməklər 12–24 saatdan sonra istehlak edilməməlidir.
Yeməyi yenidən qızdırarkən yalnız bir dəfə qızdırmaq məsləhətdir. Qızdırma prosesi tam olmalıdır. Yeməyin içi də yaxşı isinməlidir. Yarımçıq qızdırılmış yeməklər mikroorqanizmlərin aktivləşməsi üçün şərait yaradır. Qızdırılmış yemək yenidən soyuducuya qoyulmamalıdır.
Əgər yeməyin qoxusunda, dadında və ya görünüşündə dəyişiklik hiss olunursa, onu istehlak etmək olmaz. Qida zəhərlənmələri xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar üçün daha ağır nəticələrə səbəb ola bilər”.
- Fidan Abbaszadə






