Bayram süfrələrinin vəd etdiyi TƏHLÜKƏ – Mütəxəssisdən XƏBƏRDARLIQ

0 Shares

Novruz bayramında süfrələrin zənginliyi, çeşidli şirniyatların bolluğu ənənə halını alıb. Lakin bayram süfrələrini bəzəyən şəkərbura, paxlava və digər şirniyyatların biri-birinin ardınca qəbulu insan orqanizmində ciddi fəsadlar yaradır. Kalorisi çox olan bu cür şirniyyatların bəzən vaxtı ötsə belə, onlar yenə də süfrələrin bəzəyinə çevrilirlər. Nəticə isə əksər vaxtlarda ürək açan olmur. Bayram günlərində şirniyyatsevərlər orqanizmlərinə əzab versələr də, “bayramda olar” deyib onları gözləyən təhlükənin fərqinə varmırlar. Bəzən yüksək qan təzyiqindən əziyyət çəkənlər, qaraciyər, öd xəstəliklərinin daşıyıcıları da bu incə məqama fikir vermirlər. Üstəlik mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər də bayram günlərində yüksək kalorili şirniyyatları gündəlik qida rasionuna daxil edirlər. Şirniyat sevərlər həm də sağlamlıqlarının qeydinə qalmalıdırlar. 
Mütəxəssislər də Novruz süfrələrində bir qədər gözütox olmağı məsləhət görür. 

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bayram günlərində qida qəbuluna ciddi fikir verilməsini tövsiyə edir:

“Bayram və yaxud hər hansı məclislərdə həddindən artıq çox qida qəbul etmək insan orqanizmi üçün hər bir yaşda və hər bir dövrdə təhlükəlidir. Çünki orqanizm standart çalışma mexanizminə malikdir. Artıq qəbul edilən qida həm həzm prosesində problemlərin, həm də  gələcəkdə bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. 
Xüsusilə, bayram günlərində hipertoniya, şəkərli diabet, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər  mütləq şəkildə axşam gec saatlarda qida qəbul etməməlidir. Əksər hallarda xanımlar bir neçə çeşiddə qidanı məhz bayram axşamında hazırlayırlar. 
Qidaların çeşidliliyi də insan orqanizmində bir çox fəsadlara yol açır. Xüsusilə də, qidalarla birlikdə qəbul olunan qazlı, rəngli, şəkərli içkilər və şirniyyatlar daha çox təhlükəlidir. Bunları yeməklə birlikdə qəbul etdikdə mədə-bağırsaqda bir çox problemlərə yol açır və bayramdan sonrakı günlərdə də davam edir”.

Mütəxəssis şirniyatlardan səhər istifadə olunmasını məsləhət bilib:
“Müxtəlif şirniyyatları eyni vaxtda qəbul etmək tövsiyə olunmur. Günün birinci yarısında qəbul olunan şirniyatlar, un məmulatları orqanizmində enerjiyə çevrilsə də, axşam bu baş vermir. Axşam vaxtı qəbul edilən qidalar artıq çəkiyə, piylənməyə gətirib çıxarır. 
Gün ərzində orqanizmin şəkər qəbulu miqdarı kişilərdə 35 qram, qadınlarda 20-25 qram normal hesab olunur. Eyni zamanda şirniyatların ac qarına və ya yemək əvəzi qəbul olunması da məsləhət deyil. Belə halda qəbul olunan şirniyyatlar qanda şəkərin sürətlə artmasına və eyni zamanda da aşağı düşməsinə səbəb gətirib çıxarır. Bundan sonra orqanizm aclıq hiss edir. Nəticədə orqanizm gün ərzində lazım olduğundan daha çox miqdarda qida tələb edir. Ümumiyyətlə insanlar yaxşı olar ki, şirniyatları yemək aralarında qəbul etsinlər. Gün ərzində 1-2 ədəd kifayət edər. Bu mövsümdə Novruzla Ramazan üst-üstə düşdüyündən bəzən insanlar iftar zamanı həddindən artıq  qida qəbul edirlər ki, bu da ağırlaşmalara gətirib çıxarır. Uzun müddət ac qalan orqanizm birdən-birə qidayla yükləndiyində həzm prosesində problem yaranır. Bütün bunlardan sonrakı gün də orqanizm yorğunluq hiss edir. Buna görə də bayram günlərində qidalanmaya ciddi fikir verilməlidir”. 

~ Abbaszadə Fidan