Bağırsaqları gücləndirən qidalar

Bağırsaq
Bağırsaq
0 Shares

“Bağırsaq insanın ikinci beyinidir. Sindirim sistemimizin və bağırsaqlarımızın sağlamlığı bütünlükdə orqanizm üçün olduqca vacibdir. Bağırsaqlarımızın sağlam olması üçün qeyri-sağlam və balanssız qidalanmadan uzaq durmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bağırsaq sağlamlığımız nə qədər yaxşı olarsa, o qədər də özümüzü yaxşı hiss edərik: “Sağlam və düzgün qidalanma, siqaret, alkoqollu içkilərdən uzaq durmaq, bağırsaqlarımızda mövcud olan faydalı bakeriyaların sayını artırır. Beləliklə inkişaf edən sağlam bağırsaq florası xəstəliklərə qarşı daha güclü olur. Bağırsaqlarda yaşayan faydalı bakteriyaların miqdarı qədər, çeşidli olması da çox vacibdir. Nə qədər çeşidli bakteriya varsa, o qədər də sağlamıq deməkdir. Bakteriyaların çeşidini artırmağın yolu çeşidli qidalanmaqdan keçir”.

O sözlərinə belə davam edib: “Sağlam bağırsaqlar üçün ən faydalı qidalar probiotiklərdir. Probiotiklər faydalı bakteriyalarla zəngin olduğu üçün bağırsaq florasını gücləndirir.

Bəs bu qidalardan hansı olmalıdır sualını versəniz, deyə bilərik ki, faydalı bakteriyalarla zəngin ev üsulu hazırlanan qatıqdan gündə iki kasa, yüksək lif tərkibli kefir və allergiyanız yoxdursa, hər gün 200 ml (1 su stəkanı) süd tövsiyə edə bilərik. Bununla yanaşı faydalı bakeriyaların çoxlamasını təmin edən omeqa-3 ilə zəngin qızılbalığı və liflə zəngin çiy badamı tövsiyə edə bilərik. Çiy badamdan hər gün 10-12 yeməyi unutmayın. Meyvə və tərəvəzlərdən bağırsaq sağlamlığı baxımından ispanaq və alma da faydalıdır. Hər gün 1 alma yeməyi unutmayın.

Asim Vəliyev

Tam buğda çörəyi, bulqur, yulaf, noxud, quru noxud kimi qidalar lif baxımından zəngin olduğu üçün bağırsaq funskiyasını tənzimləyir və həzm olunmuş qida artıqlarının yoğun bağırsaqdan keçməsini sürətləndirir. Toksik maddələrin yoğun bağırsaqda uzun müddət qalmaması burada zərərli bakteriyaların əmələ gəlməsinin qarşısını alır və sağlam bağırsaq florası inkişaf edir.

Turşu da tərkibinə görə faydalı bakteriyalarla zəngindir. Ancaq hər nə qədər də probiotiklə zəngin olsa da, tərkibində yüksək natrium olduğundan təzyiq, diabet, ürək-damar xəstəlikləri, mədə xəstəlikləri olanlar həkim tövsiyəsi ilə çox az yeyə bilərlər.

Hindistan qozu da bağırsaq dostu olan qidalardandır. Həmçinin anti-viral, anti-bakterial özəlliyi də var. Beləliklə zərərli orqanizmlərin yox olmasını sürətləndirir”.

Ayşən Vəli