Azərbaycana idxal olunan qida məhsulları üzərində aparılan nəzarət tədbirləri zamanı ciddi uyğunsuzluq aşkarlanıb. Qida təhlükəsizliyi ilə bağlı aparılan laborator yoxlamalar nəticəsində dondurulmuş toyuq məhsulunda təhlükəli bakteriya müəyyən edilib.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova EDnews-a açıqlama verib.
Bildirilib ki, Agentlik tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi, “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4.9 ton dondurulmuş toyuq məhsulundan (istehsal tarixi: 16.02.2026, son istifadə tarixi: 16.02.2028) nümunələr götürülüb. Aparılan laborator müayinələr nəticəsində məhsulda “salmonella” bakteriyası aşkarlanıb.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, qida eksperti Məhsəti Hüseynova da EDnews-a bildirib ki, son illərdə toyuq ətinə artan tələbat fonunda yerli istehsal bazarın ehtiyacını tam qarşılamadığından Azərbaycana xaricdən, xüsusilə Ukraynadan idxal həyata keçirilir.
Bununla belə, istehlakçılar dondurulmuş toyuq alarkən bir sıra məqamlara diqqət yetirməlidirlər. Belə ki, məhsulun qablaşdırılması zədələnməmiş olmalı, üzərində buz örtüyü müşahidə edilməlidir. Qablaşdırmada iri buz kristallarının olması məhsulun əridilərək yenidən dondurulduğunu göstərə bilər.
Ekspertin sözlərinə görə, dondurulmuş toyuq mənfi 18 dərəcədə 12 aya qədər saxlanıla bilər. Lakin bir dəfə əridilmiş məhsulun yenidən dondurulması qəti şəkildə tövsiyə olunmur. Bu, mikrobioloji çirklənməyə səbəb ola bilər.
Bundan əlavə, məhsul açıldıqdan sonra onun rəngi və qoxusu yoxlanılmalıdır. Kənar və xoşagəlməz qoxu, eləcə də ləkələr müşahidə edilərsə, həmin məhsulun istifadəsi məsləhət görülmür.
- Fidan Abbaszadə






