Aşağı keyfiyyətli süd məhsulları hansılardır? – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

“Süd və süd məhsulları yüksək zülal tərkibli heyvan mənşəli qidalar olduqları və tez xarab olmağa meylli olduqları üçün yüksək risk qrupuna aid edilən qidalar sırasındadır. Bu məhsulların saxlanılma şəraiti və temperaturuna mütləq şəkildə əməl olunmalı, onlar müsbət 2-dən 6 dərəcəyə qədər temperaturda saxlanılmalıdır. Daşınma, satış və hətta evə gətirilmə zamanı “soyuq zəncir” prinsipi qorunmalı, bu zəncirin pozulduğu hallarda həmin məhsulların alınması tövsiyə edilməməlidir”.

Bunu Redaktor.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi.

Müsahibimizin sözlərinə görə, məhsulu alarkən üzərində istehsalçı şirkətin adı, ünvanı, mənşə ölkəsi, keyfiyyət və dövlət nəzarətindən keçdiyini təsdiqləyən uyğunluq sertifikatı mütləq olmalıdır:

“Qeyd etmək lazımdır ki, saxlama müddəti həddindən artıq uzun olan məhsullarda konservant olma ehtimalı daha yüksəkdir, çünki təbii və konservantsız məhsullar növündən asılı olaraq adətən 3-10 gün ərzində yararlı qalır. Eyni zamanda, keyfiyyətsiz xammaldan istifadə və sanitariya-gigiyena qaydalarına əməl olunmaması məhsulu riskli hala gətirən amillərdəndir. Qablaşdırmanın bütövlüyü tam qorunmalı, üzərindəki yazılar aydın oxunmalı və tərkiblə bağlı ətraflı məlumatlar göstərilməlidir”.

Mütəxəssis vurğuladı ki, tərkibində süd əvəzedicisi, bitki yağı, stabilizator və çox sayda “E” kodları olan məhsullar aşağı keyfiyyətli hesab olunur.

“Digər tərəfdən, məhsullar mütləq baytarlıq nəzarətindən keçmiş heyvanlardan əldə edilməlidir. Çünki profilaktik tədbirlər zamanı istifadə olunan dərman qalıqları insanlarda immunitetin zəifləməsinə, həzm sisteminin pozulmasına və allergik reaksiyalara səbəb ola bilər. Açıq şəkildə satılan, etiketsiz və mənşəyi bəlli olmayan süd məhsullarının alınması sağlamlıq baxımından təhlükəlidir. Həddindən artıq ucuz qiymət məhsulun keyfiyyəti ilə bağlı şübhələr yaradır. Əgər məhsulun dadında və qoxusunda kənar, turşumuş və ya kəskin bir hiss varsa, rəngində qeyri-təbii parlaqlıq, matlıq və ya yapışqanlıq müşahidə olunursa, belə məhsullardan uzaq durmaq lazımdır. İstər yerli, istərsə də xarici məhsul alarkən bu məqamlara diqqət yetirmək gələcəkdə yarana biləcək sağlamlıq problemlərinin qarşısını almaq üçün vacibdir”, – deyə Məhsəti Hüseynova vurğuladı.

  • Fidan Abbaszadə