“Arıqlama qəhvələri və çayları psixoloji asılılıq yaradır!” – MÜTƏXƏSSİS Asim Vəliyevdən AÇIQLAMA:

0 Shares

Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.


Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, son dövrlərdə sağlam həyat tərzi və arıqlama mövzusuna olan maraq günbəgün artmaqda davam edir. Təbii ki, bu maraq müxtəlif kommersiya məhsullarının, xüsusən də arıqlama çayı və qəhvələrinin geniş şəkildə reklam edilməsinə səbəb olur. Lakin bu məhsulların istifadə edilməsinin insan sağlamlığına təsirini göz ardı etməməliyik:

“Arıqlama çay və qəhvələrinin tərkibində adətən təbii bitki ekstraktları, kofein, diuretiklər (sidikqovucu maddələr) və bəzi hallarda sintetik komponentlər yer alır. Əksər hallarda bu məhsullar maddələr mübadiləsini sürətləndirmək və orqanizmdən artıq mayenin xaric olunmasını təmin etmək məqsədi güdür.
Təbii bitki mənşəli maddələr hər nə qədər faydalı görünsə də, düzgün dozada istifadə olunmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Məsələn, sennanın ekstraktı tez-tez ishala səbəb olduğu üçün bağırsaq funksiyalarını poza bilər. Kofein yüksək dozada qəbul edildikdə yuxusuzluq, sinir pozğunluğu və ürək döyüntülərinin artmasına gətirib çıxarır. Diuretiklər orqanizmdə elektrolit balansının pozulmasına səbəb olaraq əzələ spazmları və qan təzyiqinin düşməsinə gətirib çıxara bilər.
Bu məhsulların qısamüddətli istifadəsi çəki itkisinə səbəb olsa da, bu itki əsasən maye itkisi ilə bağlı olur. Bununla yanaşı arıqlamanın dayanıqlı olmaması nəticəsində “yo-yo effekti” adlanan vəziyyət yaranır ki, bu zaman insan itirdiyi çəkidən daha artıq çəki toplayır. Həmçinin orqanizmin metabolik funksiyalarına müdaxilə nəticəsində həzm sistemi pozuntuları, bağırsaq tənbəlliyi və maddələr mübadiləsinin yavaşlaması baş verə bilər.
Arıqlama qəhvələri və çayları bəzi hallarda psixoloji asılılıq yaradır. İstehlakçılar bu məhsullar olmadan arıqlaya bilməyəcəklərinə inanaraq onları mütəmadi şəkildə qəbul etməyə başlayırlar. Uzun müddətli istifadə isə psixi narahatlıqlar, sinir sistemində gərginlik və yuxu problemlərinə səbəb ola bilər.
Hər hansı arıqlama məhsulunu qəbul etməzdən əvvəl mütəxəssis rəyi alınmalıdır. Sağlam və balanslı qidalanma ilə yanaşı müntəzəm fiziki aktivlik daha dayanıqlı və təhlükəsiz arıqlama üsuludur. Məhsulların tərkibinə diqqət etməliyik və çox qatıqlı olan məhsullardan imtina etməliyik”.

  • Abbaszadə Fidan