Bəzən insanlar anidən vegetarian/veqan olmağa qərar verirlər. Bəziləri qida rasionunda edilən bu ani dəyişikliyin fəsadlara yol aça biləcəyini desə də, bunun heç bir problem yaratmayacağını düşünənlər də az deyil.
Modern.az mövzu ilə bağlı qida üzrə ekspertlər Asim Vəliyevlə və Məhsəti Hüseynova əlaqə saxlayıb.
A.Vəliyevin sözlərinə görə, veqanlıq əsasən bitki mənşəli qidalarla qidalanmaq prinsipinə və heyvan mənşəli məhsulların rasiondan tamamilə çıxarılmasına əsaslanan tərzdir:
“Bu qida tərzi yalnız qida ilə bağlı deyil, həm də həyat tərzi ilə bağlıdır. Veqanlar ümumiyyətlə heyvanlardan əldə edilən digər məhsullardan da imtina edirlər. Məsələn, dərilərin və tekstil məhsullarının istifadəsindən”.
Ekspert bildirib ki, veqan olma istəyi bir neçə səbəbdən yarana bilir:
“Bir çox insan heyvanların istismarına və onların həyat şəraitinin pisliyinə etiraz olaraq veqanlığı seçir. Heyvanların çətin şəraitdə böyüdülməsi, əziyyət çəkdirilməsi və öldürülməsinin qarşısını almaq məqsədilə veqan pəhrizi üsulu seçilir. Bu insanlar öz baxış tərzlərinə görə heyvanların hüquqlarına hörmət göstərmək və onlara qarşı ədalətli davranmaq istəyirlər. Heyvan mənşəli məhsulların istehsalı ətraf mühitə mənfi təsir etdiyini irəli sürürlər. Məsələn, deyilir ki, maldarlıq su ehtiyatlarını çox israf edir və torpağın erroziyasına səbəb olur. Eyni zamanda qeyd edirlər ki, heyvan mənşəli məhsulların istehsalı karbon qazı və metan kimi istixana qazlarının sərbəst buraxılmasına səbəb olur. Düşünürlər ki, bu həyat tərzini seçməklə zərərləri nisbətən azalda bilərlər”.
A.Vəliyev qeyd edib ki, anidən veqan həyat tərzinə keçmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər:
“Heyvan mənşəli məhsullar orqanizm üçün vacib olan bəzi qida maddələrini təmin edir. Məsələn, B12 vitamini, dəmir, zülal və omeqa-3 yağ turşuları əksərən heyvan mənşəli məhsullarda mövcuddur. Bu maddələri bitki mənşəli qaynaqlardan təmin etmək üçün diqqətli olmalıyıq. Heyvan mənşəli məhsullarda zəngin olan B12 vitamini sinir sistemi və qırmızı qan hüceyrələrinin sağlamlığı üçün vacibdir. Veqan tərzi qidalanmada B12 vitamini əlavələri və ya zənginləşdirilmiş qidalara ehtiyac yarana bilər. Heyvan mənşəli qidalarda dəmir daha yaxşı sorulsa da, bitki mənşəli qidalar da dəmir mənbəyi ola bilir. Lakin, bu dəmir növü orqanizm tərəfindən daha az effektiv sorulur, buna görə də daha çox bitki mənşəli dəmir mənbələrindən (məsələn, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər) istifadə etmək lazımdır. Bitki mənşəli qidalar da zülal ehtiva edir, lakin fərqli bitki zülalları müxtəlif amin turşularını ehtiva edir. Yaxşı bir balans yaratmaq üçün müxtəlif bitki mənşəli zülal mənbələrindən (məsələn, qoz-fındıq, toxumlar, paxlalılar) istifadə etmək faydalıdır. Omeqa-3 yağ turşuları əsasən balıqdan əldə edilir, lakin qoz-fındıq və çia toxumu kimi bitki mənşəli mənbələrdən də əldə etmək olar”.
- Hüseynli Nərgiz