Açıq havada satılan qidalar sağlamlığa ciddi zərər verir

açıq havada qida
0 Shares

Açıq havada hazırlanan və satılan qida məhsullarından təəssüf ki, hər birimiz zaman-zaman istifadə edirik. Küçədə, yol kənarlarında üstüaçıq şəkildə insanlara təqdim olunan bu yeməklərin antisanitariya qaydalarına nə qədər uyğun olduğu şübhə doğurur.

Bu barədə qida mütəxəssisi Məhsəti Hüseynova “MediaPost”a açıqlamasında bildirib ki, açıq şəraitdə satılan məhsullar sanitar qaydalara uyğun olmadıqda bir çox xəstəlik və viruslar orqanizmə daxil olub həzm sisteminin pozulmasına səbəb olur:

“Yay mövsümündə açıq satışda olan və səyyar hazırlanan ət məhsullarından və un məmulatlarından hazırlanan məhsullar hazırda risk qrupunda olan qidalar sırasındadır. Xüsusilə, dönər bəzən mənşəyi bəlli olmayan heyvan ətlərindən və yaxud qalmış ətlərdən hazırlanır ki, bu da soyuducuda saxlanılmır və istiyə məruz qalacaq şəkildə alovun yanında olur. Bu, sağlam ətdən hazırlansa belə, belə şəraitdə saxlanılması onun tərkibində mikrobioloji və kimyəvi dəyişikliyinə səbəb olur.

Eyni zamanda da açıqda olduğu üçün satışı təşkil edən insanların sanitar gigiyena normalarına əməl etmədiyi təqdirdə qida fiziki çirklənməyə məruz qalır və qəbulu zamanı həzm orqanlarının zədələnməsinə gətirib çıxarır. Əsasən, bağırsaq mikroflorasının pozulması ilə nəticələnir ki, həmin qidaları qəbul edən insanlarda dərhal ağırlıq, qarın boşluğunda ağrı və şişkinlik müşahidə olunur. Bəzən isə qida həzm olunmadan bağırsaqlara keçir və ishal və ya günlərlə davam edən qəbizlik baş verir. Bu qidaları qəbul edən 25 yaşa qədər olan orqanizmlərdə təhlükə faizi daha da artır, çünki həmin insanlar inkişaf prosesindədir və mütləq şəkildə keyfiyyətli, sağlam qidalar yeməlidirlər”.

Ekspert qeyd edib ki, bəzən qida məhsullarına asılılıq yaradan kimyəvi maddələr qatırlar ki, bu da sağlamlığa olduqca zərərlidir: “Ayaqüstü yeyilən yeməklərdə dadlandırıcı kimyəvi maddələrdən istifadə olunur. İlk növbədə, el arasında Çin duzu kimi tanınan monosodium qlutomat və yaxud mononatrium qlütamatın sintetik mənşəli adını çəkmək olar. Bu maddə birbaşa olaraq asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını məhv edərək beşinci yeni dad – ümami dadını yaradır. Beləliklə, insanlar davamlı olaraq həmin qidaları istəyirlər və ənənəvi keyfiyyətli qidadan zövq ala bilmirlər və xüsusilə də həmin qidalardan sonra dərhal doyur, lakin tez bir zamanda acırlar, belə olan halda isə piylənmə yaranmağa başlayır”.

M.Hüseynova bu cür qidaların avtobus dayanacaqları və ya məktəb yaxınlığında ucuz qiymətə satılmasının səbəbini hər kəs istifadə edə bilmə imkanında görür: “Ancaq yadda saxlamaq lazımdır ki, belə qidalar bir neçə saatlıq aclığı təmin etsə də, birbaşa olaraq təhlükəli xəstəliklərin mənbəyidir. Hazırda azad bazar iqtisadiyyatı olduğu üçün bu, sahibkarlara öz bizneslərini inkişaf etdirməyə imkan verir. Amma bu, onların daha az pul ilə xammal alaraq keyfiyyətsiz məhsullardan istifadə etməyəcəkləri mənasına gəlmir. Hər bir istehlakçı bilməlidir ki, hər hansı bir keyfiyyətsiz, mənşəyi bəlli olmayan qida yalnız onun özünə ziyan vura bilər”.