0 Shares

Balıq asan mənimsənilən qida növüdür.
Onu, diyetik qida növü kimi də qəbul edirlər. Tərkibi zülallar, yağlar, mineral maddələr, ekstraktiv maddələr, karbohidratlar, vitaminlər, fermentlər və asan mənimsənilən bioloji aktiv maddələrlə zəngindir. Balıq ətinin tərkibində ətə qırmızılıq verən mioqlobinin qeyri-mövcudluğuna görə rəngimal ətindən fərqli olaraq ağ, açıq-boz və yaxud çəhrayıya çalır.

Balıq və balıq məhsulları immun sistemini möhkəmləndirir, zərərli xolesterolu orqanizmdən kənarlaşdırır, sinir sistemini sakitləşdirir, görməni yaxşılaşdırır, dəri və dəri törəmələrinə müsbət təsir göstərir və s. Bununla yanaşı, balıq və balıq məhsullarında sanitar-gigiyenik qaydalara əməl etmədikdə insan orqanizmi üçün ciddi təhlükələr yaradan patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaranır. Belə halların yaşanmaması üçün baytarlıq nəzarətindən keçməyən və orqanoleptiki göstəricilərində qüsur olan balıq və balıq məhsullarını almamalıyıq. Həmçinin, qablaşdırılmasına və etiket məlumatlarına diqqətetməliyik. Balıq və balıq məhsullarını yüksək risk qrupuna aid olduğu üçün, onları mənfi 18⁰- də 3 ay soyuducuda dondurmaq olar.

Yaz-yay aylarında balıq risk qrupu daşıyanqidalar sırasında gəlir. Bu heç də fəsillə bağlı məsələ deyil. Burada əsas məsələ balıqların həmin fəsillərdə düzgün qaydada saxlanmamasıilə bağlıdır. Çünki balıq zülal tərkiblidir və tez xarab olmağa meyillidir. Buna görə də balıq tutulduqdan sonra uzun müddət açıq hava şəraitində qalırsa, bu zaman onun tərkibində fizikivə bioloji dəyişikliklər baş verir. Bu isə həmin qidanı qəbul edən insan orqanizminə öz mənfi təsirlərini göstərir.

Bir çox balıq növlərindən istifadə etdikdə, mütləq yaxşı bişirilməli və dərhal yeyilməlidir. Eyni zamanda balığı mütləq mənşəyi bəlli olan yerdən almaq lazımdır.

Bəzi balıqlar isə yayda kürü tökmə dönəmində olduqları üçün ovlanmırlar. Yaxşı olar ki, dəniz məhsulları qəbul edərkən təmiz və keyfiyyətli olmasına diqqət edək. Balıq yaxşı bişirilməli və birdəfə istifadədən sonra balıq təkrar isidilməməlidir. Balıq ilə bağlı digər təhlükəli məqam isə balıq ovlayarkən düzgün seçilməməsidir. Çünki bəzi balıqlar ağır metal və zərərli maddələrlə zəngindir. Bu isə zəhərlənmə riskini artırır.

Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əks-Səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və paketlənmiş qidaların satışının qarşısının alınmasına dair jurnalist təşəbbüslərin artırılması” adlı layihə çərçivəsində hazırlanıb.

  • Hüseynli Nərgiz