Çərəz alarkən diqqətli olun! – Mütəxəssis Məhsəti Hüseynova xəbərdarlıq ETDİ

0 Shares

“Qoz və fındığın qabıqlarını yediyimiz anda sındırmalıyıq”. 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

Mütəxəssis çərəz qəbul edərkən nələrə diqqət etməli olduğumuzdan danışıb:

“Yer fındığı, fıstıq, badam kimi çərəzləri də qəbul edərkən təzə olmalarına diqqət etmək lazımdır. Bundan başqa, qurudulmuş və qovrulmuş çərəzlərdən də uzaq durmaq tövsiyə olunur. Çünki bir çox hallarda qurudulmuş çərəzləri daha uzun müddət saxlaya bilmək üçün onları qovurur və ya duzlayırlar”.

O bildirib ki, belə çərəzlərdən istifadə etmək insan orqanizmi üçün zərərlidir:

“Çünki qovrulmuş çərəzlərin tərkibindəki doymamış yağlar doymuş yağa çevrilir. Bu isə insanlarda ürək-damar problemlərinin yaranmasına səbəb ola bilir. Həmçinin, duzlu çərəzləri istehlak etməyin də fəsadları var. 

Bu zaman orqanizmə qəbul olunan duz miqdarı normanı keçir. Bu isə öz növbəsində orqanizmdəki su-duz balansını poza bilər. Ona görə də çərəzləri qovrulmadan, duzlanmadan və hər hansı əlavələr olmadan yemək faydalıdır”. 

Məhsəti Hüseynova diqqətə çatdırıb ki, çərəzləri yağda qovurmaq isə onlarda daha artıq kalorinin olmasına gətirib çıxarır:

“Üstəlik, ona duz əlavə olunması da insanın dad reseptorlarının pozulmasına və digər sağlamlıq problemlərinin yaranmasına təkan verə bilər. Ona görə bu şəkildə satılan çərəzləri satın almamaq tövsiyə olunur. 

Bundan başqa, qarışıq şəkildə paketlənib satılan çərəzləri də almamaq məsləhətdir. Ona görə ki, qarışıq şəkildə satılan çərəzlərə bir-birlərinə yapışmaması, formalarını itirməməsi və uzun müddət xarab olmaması üçün müəyyən kimyəvi qatqı maddələri vurulur. Bu isə insan orqanizmində allergiyaya və həzm problemlərinə səbəb ola bilər”.

  • Hüseynli Nərgiz