Gündəlik qida rasionumuzda istifadə etdiyimiz məhsullardan biri də yağdır. Bu gün əhalini də narahat edən, hər birimizi maraqlandıran məhz ailələrimizə, uşaqlarımıza yedirdiyimiz yağların keyfiyyəti ilə bağlıdır. Mətbəximizi, süfrələrimizi bəzəyən, damaq dadımıza oxşayan bu məhsulu alarkən nələrə diqqət etməliyik sağlamlığımıza mənfi təsir etməsin?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, yağ insan orqanizmi üçün enerji mənbəyi hesab olunmaqla yanaşı, eyni zamanda, vacib və kimyəvi tərkibi keyfiyyətli yağ turşularından və doymamış yağlardan ibarət olan qida məhsuludur. Bu yağın insan orqanizminə təsiri xüsusilə də yeniyetməlik və gənclik dönəmində, inkişaf prosesdə olan orqanizmdə daha çox rol oynayır. Bu müddətdə qəbul olunan yağların keyfiyyəti insanın immun sistemin güclənməsində, həzm sisteminin, qan dövranının normal olmasında, mərkəzi beyin sisteminin funksiyasının düzgün şəkildə inkişaf edib çalışmasında çox böyük rol oynayır. Heyvan mənşəli olduğu üçün tərkibindəki zülal, yağ nisbəti, doymamış yağların olması insan orqanizmində enerji mənbəyidir. Kərə yağı adı altında satılan yağlar…
Qida mütəxəssisinin sözlərinə görə, bu gün satışda keyfiyyətsiz, kərə yağı adı altında satılan yağlar var ki, bunları alarkən diqqət edəcəyimiz bir çox məqam var ki, onlara diqqət etməliyik. İlk olaraq, nəzərə almalıyıq ki, yağ mövsümünə görə dəyişərək 20-25 litr süddən əldən olunur və nəzərə alsaq ki, südün qiymətini və bu yağın alınma prosesindəki çəkilən xərcləri yağın əmələ gəlməsində və qiymətinin ucuz olması ilk növbədə şübhəli hal kimi dəyərləndirilməlidir. Digər məqam odur ki, etiket qaydalarına diqqət etməliyik. Yaxşı olar ki, risk mənbəyi olan markasız və çəki ilə satılan məhsulları almayaq. Bunun əvəzində mənşəyi və istehsal müəssisəsi bəlli olan qida məhsulu almaq lazımdır. Bunları alarkən diqqət etməliyik ki, etiket məlumatlarının doğru olması, üzərində istehsalçı müəssisənin adı, ünvanı, qaynar xətti, yağın tərkibinin həqiqətən inək südündən olduğu haqqında məlumat və digər inqridientlərin isə az miqdarda olması, xüsüsilə bəzən pasterizə olunmuş süddən hazırlana bilir, əlavə qatqı olaraq duzdan da istifadə olunur ki, bunlar normaldır. Əgər içində aromatizator, stabilizator, spred və yaxud digər bitki yağlarından istifadə olunubsa bu kimi kərə yağları təbii keyfiyyətli kərə yağları hesab olunmur. Rənginin bəzən açıq sarı, bəzən sarı olmasının əsas səbəbi odur ki, yaz-yay mövsümündə qidalanan heyvanlar daha çox təzə yaşıl otla qidalandığı üçün yağın rəngi daha tünd sarı ola bilər. Əgər kəskin, süni şəkildə sarıdırsa bu, onun rəngləndirici boya vasitələri ilə boyandığının göstəricisidir. Evdə yağın keyfiyyətli olub-olmamasını belə müəyyən edin:
Məhsəti Hüseynova vurğuladı ki, ev üsulunda da yağın keyfiyyətli olub-olmamasını ayırd edə bilərik. Yağı isti suda az miqdarda əritdikdə bir parça halında dərhal əriyirsə bu, keyfiyyətli yağlıdır. Əgər hissələrə bölünərək gec əriyirsə və bəzən yumru və yaxud topa şəklində qalırsa bu, onun keyfiyyətsiz olduğunu göstərir. Təbii kərə yağı insan bədən temperaturunda artıq əriməyə başlayır. Əl və ya dil üzərində qoyduqda dərhal əriyirsə, ağızda xoşagələn dad qalırsa bu, onun keyfiyyətli olduğunun göstəricisidir. Əgər gec əriyirsə və ağızda xoşagələn daddan əlavə acılıq varsa bu, onun keyfiyyətsiz yağ olduğunu da göstərir. Kərə yağını tavada isidərkək köpüklənirsə, daha ağ rəng çalırsa bu, onun tərkibinin təbii südün ayranından olduğunu göstərir. Ancaq hər hansı bir köpüklənmə yoxdursa, olduğu kimi əriyirsə bu da keyfiyyətsiz trans və spred yağdan olduğunu göstərir. Xalis kərə yağını otaq temperaturunda uzun müddət saxladıqda o formasını uzun müddət saxlayır sadəcə olaraq həmin formada yumşalır. Amma keyfiyyətsiz yağ isə ərimə başladığı andan ətrafa su şəklində ayrılır, bircinsli şəkildə deyil də fərqli rənglər ortaya çıxırsa bu da onun keyfiyyətsiz yağ olduğunu göstərir ki, bu forma ilə də bilmək olar ki, saxta və ya təbii yağ hansıdır. Düzgün etiketlənməmiş, üzərinə əlavə kağız yapışdırıcı ilə istehsal və son istifadə müddəti göstərilən məhsullar hər zaman risk mənbəyidir. Yaxşı olar ki, belə məhsullardan istifadə etməyək.
Saxta yağların hazırlanmasında spred, marqarindən istifadə olunur.
Həmsöhbətimiz bildirdi ki, saxta yağların hazırlanmasında spred, marqarindən istifadə olunur ki, bunlar insan bədən temperaturunda ərimədiyi üçün, həzm olunmadığı üçün damarlarda yığılıb qalır ki, bu da ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Xüsusilə də son illərdə Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlarda, Azərbaycanda ürək-damar xəstəliyindən vəfat edənlərin sayının da çox olmasını göstərməsi də bu gün Azərbaycanda istifadə olunan bir çox yağların keyfiyyətsiz yağlar olduğunun göstəricisidir. Bu gün satış olan şirniyyat məhsullarının hazırlanmasında trans və marqarin yağlarından istifadə olunur. Marqarin məhsulun ömrünün uzun olmasını, onun gec xarab olmasını təmin etdiyi üçün bir çox istehsalçılar da daha çox istifadə edirlər. Bir çox inkişad etmiş ölkələr zərərlərinə görə marqarin yağlarından istifadə və satış qadağan olunub. Sağlamlığına dəyər verən insanlar bu kimi yağlardan mümkün qədər istifadə etməməlidirlər. Gün ərzində insan orqanizmi 20-30 qram yağ qəbul etsə bu onun üçün yetərlidir ki, bunu da səhər yeməyində keyfiyyətli yağdan qəbul etsə daha faydalı olar, nəinki, daha ucuz yağı alıb, ondan daha çox istifadə etmək. Ona görə də keyfiyyətli və sağlam məhsuldan istifadə etmək lazımdır.
Etiket məlumatlarına mütləq diqqət edin: Müsahibimiz əlavə etdi ki, bəzən palma yağı tərkibli qidalar da var ki, onlarda satılır, bir çox kərə yağılarının tərkibində də palma yağı istifadə olunur. Markasında bitki yağı mənşəli istifadə edirlər ki, bu da istehlakçıların aldadılmasına gətirib çıxarır. Əgər bir məhsulu alırıqsa, bu məhsulun adı ilə içindəkinin 70-80 faizi onun özündən təşkil olunmalıdır. Əksər hallarda görürük ki, adında kərə, təbii inək südündən hazırlanmış kimi ad qoyulsa da, üzərində hər hansı bir inək şəkili ilə markalanma da insanları aldatsalar da mütləq şəkildə istehlakçılar sağlamlığına diqqət etmək üçün etiket məlumatlarının doğruluğunu yoxlamalıdır. Belə olan halda da təbii ki, yaranan təhlükəli xəstəliklərdən özlərini xilas etmiş olarlar.
~ Abbaszadə Fidan