Son zamanlar yumurtaların yuyulmamalı olduğu ilə bağlı sosial şəbəkələrdə bir sıra paylaşımlar edilir. Bəs, doğrusu nədir? Yumurtanı soyucuya yuyub qoymaq lazımdır, yoxsa aldığımız vəziyyətdə? SİA mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: “Tənbəl qadınlar yumurtanı yumamağı əsas götürüb kirli yumurtanı soyuducuya doldururlar. Bu yolverilməzdir. Yumurtaları alandan sonra hətta təmiz olanı belə yumaq lazımdır. Təsadüfi deyil ki, broyler fabriklərində yumurtalar əksər hallarda yuyulur və yuyulanda xarab olmur. Bu səhv fikirdir. Bəzən kənd yerlərində toyuq yoxa çıxır və bir də görürük ki, altında balaları gəlir. Həmin toyuqlar açıq havada yuva qurur, orada bala çıxardır, o yumurtaların üzərinə yağış da düşür və s. Baxmayaraq ki, toyuq orada daim yatmır, qapıya dən yeməyə gəlir və yumurtalara heç bir şey olmayacaq. Düzdür yumurtalarda müəyyən məsamələr olur və yumurtaların içində çox qalanda hava kamerası əmələ gəlir. Hansı yumurtanın içərisində hava kamerası çoxdursa o deməkdir ki, o köhnə yumurtadır. Bəzən də istehlakçılar yumurtaları uzun müddət saxlamaq və o tənbəl qadınların fikirlərinə sanki həmrəylik göstərmək üçün yumurtaları rəngləyirlər. Mən bir ay öncə Filippinin Manera şəhərində üst-üstə yığılmış çoxlu sayda yumurtanı ən böyük marketlərdə tünd-qırmızı rəngdə gördüm. Hətta satıcıdan onun nə olduğunu soruşdum. Dedi, xüsusi toyuq yumurtasıdır. Məəttəl qaldım, dedim ki, bu xüsusi bir növdür. Ondan 10 ədəd aldım gətirdim Azərbaycanda yoxlamağa ki, bəlkə bu cinsi artıra bildik, yumurtadan şübhələndim. Məlum oldu ki, qaynadılmış yumurtadır və üstünə də rəng çəkiblər. Mənası qaynadılmış yumurtanı hazır şəkildə satmaqdır. Üstünə də tez xarab olmasın deyə rəng çəkirlər. Çox təəssüf ki belə hallar var. Mən Filippindəki həmkarlarımıza da bunu bildirdim ki, o istehlakçılar da bunu bilsinlər. Yəni belə hallar da var. Bir sözlə, mütləq və mütləq yumurta soyuducuya yerləşdirilmədən əvvəl diqqətlə yuyulmalıdır. Yaxşı olar ki, sirkəli suda biraz qalsın. Ondan sonra yumurtalar soyuducuya yığılsın və istehlak olunsun. Əlbəttə istehlakçılar bilməlidirlər ki, 7 günlük yumurta ən keyfiyyətli yumurta hesab olunur. Onda hava kamerası demək olar ki olmur və bundan sonra yumurta mətbəx yumurtası adlanır”.
Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev: “Yumurta zülal baxımından zəngin və qida rasionumuzun vazkeçilməzlərindəndir. Bir çoxları yumurtanı qabığındakı nəcisdən təmizləmək üçün yuyur. Yumurtanın təxminən 11%i qabıqdan ibarətdir. Qabıq 20-30 mikron qalınlıqda minerallardan, orqanik maddələrdən, keratin və sudan ibarətdir və məsaməlidir. Yumurtanın qabığında görünməyən kutikul qoruyucu təbəqə var və bu mikroorqanizmlərin daxilə nüfuz etməsinin qarşısını alır. Qabığın zədələnməsi və ya yuduqda bu təbəqənin aşınmasına səbəb olur və keçiricilik artır. Həmçinin nəmliyin artması da məsamə ölçülərinin böyüməsinə və mikroorqanizmlərin daxilə nüfuz etməsinə səbəb olur. Yumurtanı marketdən aldıqda soyuducuda karton qabında saxlamaq olar. Temperaturun 4 dərəcə olmasına diqqət etmək lazımdır. Karton qabda saxlamaq həm işıqdan, həm soyuducudakı digər qoxulardan qorumağa kömək edir, həm də yumurta qabığında olan salmanello bakteriyasının digər qidalara bulaşma riskini aradan qaldırır. Qabıqlar üzərindəki çirki ehtiyatla bir bez və ya kağız dəsmal vasitəsilə ovalayaraq təmizləyə bilərik. Həmçinin yumurtaya toxunduqdan sonra qabıqdakı nəcis qaynaqlı xəstəliklər səbəbilə başqa qidalara toxunmadan əllərimizi mütləq yumalıyıq”.
~ Abbaszadə Fidan