Ramazanda necə qidalanmalıyıq?- Mütəxəssisdən AÇIQLAMA

0 Shares

“Bütün müsəlmanlar ay təqviminə görə hər ilin bir ayını oruc tutmaqla mükəlləfdir. Necə namaz üçün alınan dəstəmaz gün boyu bədəni təmiz tutursa, oruc da həm təmizləyir, həm də bədənin fiziki aktivliyini gücləndirir. On bir ay gün boyu yeyilənləri həzm etməklə mükəlləf olan ağız, mədə, qaraciyər, böyrək, bağırsaq, mədəaltı vəzi kimi həzm orqanları Ramazan ayı boyu çox aşağı bir surətlə çalışaraq istirahət edir və nəticədə, bədən il boyu yığdığı kirlərdən və yağlardan təmizlənir”.

Bu sözləri “informator.az”a açıqlamasında qida eksperti Asim Vəli söyləyib. Ekspert qeyd edib ki, oruc-imsak vaxtı ilə başlayan və iftar vaxtı ilə sona çatan bir ibadətdir:

“Müasir dövrümüzdə insanlar həm iftar, həm də sahurda digər günlərdən daha çox yeyərək səhhətinə zərər verə bilir. Ramazanda yeyəcəyiniz qidalar hər zamankı kimi “halal və təmiz” olmalıdır. Ağ çörək, mürəbbə və paxlava kimi şirniyyatlar, şirin çay, çəltiyi olmayan ağ düyü plovu, kartof qızartması kimi məhsullar sağlam deyil, daha da önəmlisi oruclu birini çox tez acdırır. Çay, mineral su, meyvə suyu, qazlı içkilər və s. orqanizmin maye tələbatını ödəmir. Bu səbəbdən iftar və sahur arasında ən az 1,8 litr (çox tərləyənlər və çəkili olanlar üçün daha çox) su içilməlidir. 

Sucuq, kolbasa, sosiska, hazır şorba kimi məhsullar, Çin duzu olaraq tanınan sintetik mənşəli MSG ehtiva etdiyindən asılılıq yaradır, həmçinin susuzluğu artırır. 

Şirniyyatlar şəkər, dadlandırıcı və digər ehtiva edən qidalar aclığı və susamağı sürətləndirir. Bunların yerinə bəhməzlə hazırlanmış kompot və digər şərbətlər istehlak edilməlidir”.

Ekspertin sözlərinə görə, insanı az yemək deyil, əksinə çox yemək çox acdırır:

“Soya və qarğıdalı ilə bəslənən toyuğun ətindən uzaq durmaq lazımdır, yaxşı bişmiş quzu və keçi ətinə üstünlük verilməlidir. 

Hazır qatıqlar jelatin, nişasta, marqarin kimi kimyəvi qatqılar olma ehtimalı çox olan məhsullar hesab olunur. Onları istehlak etməyin. Evdə hazırlanmış qatıqlar seçilməlidir. 

Gecə yatarkən çox yeyib yatmaq əvzinə sahura qalxılmalıdır. Səhər vaxtında oyanıb sahur yeməyi yemək həm orucun sağlam bir şəkildə tutulmasını təmin edəcək, həm də bədənin ən azından su ehtiyacını qarşılamış olacaq. Ancaq müasir dövrümüzdə insanların çoxu həm sahurda, həm də iftarda yeyilməməsi lazım olan nə varsa, yeyirlər. Bildirməliyik ki, sahur yeməyi üçün ən az yarım saatlıq bir zaman ayrılmalıdır. Beləliklə, orqanizm yemək yeməyə hazır olur. Sahur süfrəsinə ən az iki stəkan su içərək başlanılmalıdır. Sonra xurma və ya şəkərsiz yüngül şirniyyatlar yeyilməli və üç beş dəqiqə fasilə verib, sağlam qidalarla qidalanmaq lazımdır. 15-20 dəqiqə ara verərək istəyə görə isti olmayan şəkərsiz yaşıl çay, çox açıq qara çay və ya otaq temperaturunda su içilməlidir”.

~ Abbaszadə Fidan