“Körpələr üçün ən sağlam qida ana südüdür. Xüsusilə də yenidoğulan uşaqların həyatının ilk 6 ayında bütün qida ehtiyacını ödəyən yeganə qida ana südüdür. Bu gün xəstəxanalarda həkimlər tərəfindən bu mövzuda maarifləndirmə işi çox zəifdir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. O bildirib ki, süni körpə qidaları deyildiyi kimi keçi süd və s. hazırlanmayıb: “Həmin qidalar çox hallarda quru süd və kimyəvi qatqı maddələrindən ibarət olur. Uzun müddət həmin qidanın xarab olmaması və istifadəyə yararlı olması üçün kimyəvi qatqı maddələrindən istifadə olunur. Bu cür əlavə maddələrin az miqdarda belə istifadə edilməsindən asılı olmayaraq istənilən halda yeni doğulan uşaq üçün təbii qida vasitəsi deyil. Nəzərə almaq lazımdır ki, bəzi istisna hallarda (ana südünün azlığı, çatışmaması) süni qidalardan istifadə olunması tövsiyyə olunur. Ümumiyyətlə qiymətinin dəyişməsi, fərqli ölkələr tərəfindən istehsal edilməsi həmin qidaları biri-birindən o qədər də fərqləndirmir. Bir insan orqanizminin normal şəkildə inkişafı üçün çətinliklər olsa belə ilk günlər ana südündən istifadə edilməsi məqsədəuyğundur. Ana südü daha praktik və təmizdir, temperatur da körpə üçün uyğun şəkildə olur”.
~ Abbaszadə Fidan