“Stress kökəlməyə səbəb olan əsas faktorlar sırasında yer alır” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova AÇIQLADI

0 Shares

“İnsanın sağlamlığında heç bir problem yoxdursa, bu zaman kökəlməyə səbəb birbaşa olaraq qida rejiminin pozulması və gün ərzində qəbul olunan qidanın sərf olunan enerjidən çox olmasıdır. Eyni zamanda gündəlik qidalanma müəyyən saatlarda, rejimlə olmalıdır. Əks təqdirdə qəbul olunan kalori artıq çəki şəklində orqanizmdə toplanır. İyirmi beş yaşa qədər gün ərzində 3 dəfə qida qəbul olunacaqsa, bu qidalanma 25 yaşdan sonra gündə iki dəfə olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

O bildirib ki, sağlam qidalanma ilə yanaşı yuxu rejimi də olduqca vacibdir: “Çünki düzgün yuxu rejimi olmayan insanlarda hormon pozuntusu yaranır və bu da çəki almağa səbəb olur. Həmçinin stress faktoru da kökəlməyə səbəb olan əsas faktorlar sırasında yer alır. Çünki insan həddindən artıq çox stressə məruz qalarsa və bu stres davamlı olaraq baş verərsə, bu zaman orqanizmdə iştah artmasına səbəb olur. Bu zaman xüsusilə də şirin və karbohidratlı qida istəyi yaranır.

Digər bir məqam isə su qəbuludur. Hər bir orqanizm çəkisinə uyğun olaraq günlük maye qəbulu etməlidir. Bu da hər kiloqram bədən çəkisinə görə 30 ml hesablanıb. Əgər bu miqdar az qəbul olunarsa, orqanizmdə maddələr mübadiləsi düzgün işləmir və orqanizmdə kökəlmə müşahidə olunur. 40-45 yaşlardan sonra kökəlmə daha sürətli və arıqlama daha çətin baş verir. Əgər hər hansı bir xəstəlik yoxdursa, qida qəbulunda lifli qidalara üstünlük vermək lazımdır. Həmçinin gec saatlarda qida qəbulu düzgün deyil. Sonuncu qida qəbulu saat 19:00-19:30-da olmalıdır”.

  • Hüseynli Nərgiz