Allergiya hallarına daha çox kimlərdə rast gəlinir? – MÜTƏXƏSSİS FİKRİ

Məhsəti
0 Shares

“Toza qarşı allergiyası olan insanlar küləkli havalarda qalxan toz nəticəsində zərər çəkirlər. Allergiya hər insanda fərqli şəkildə özünü göstərir. Bəzən dəridə səpki və qaşıntılar, burun tutulması, burun və gözdə sulanma kimi əlamətlərlə müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, allergiya hallarına immun sistemi zəif olan insanlarda daha çox rast gəlinir: “Həmçinin uşaqlarda, yaşlı insanlarda və xroniki xəstəlikləri olanlarda da allergiya özünü ciddi şəkildə büruzə verir. Toza qarşı allergiyası olan şəxslər küləkli, tozlu hava şəraitində mümkün qədər açıq havada olmamağa diqqət göstərməlidir. Xüsusilə gözlərimizi eynək vasitəsilə toz və yad cisimlərdən qorumalıyıq. Çünki gözlər də allergiyaya reaksiya verən həssas orqanlardan biridir. Həmçinin dəridə gigiyena qaydalarına əməl etmək çox önəmlidir. İstifadə olunan dəsmal və yataq örtükləri tez-tez dəyişdirilməli və isti suda yuyulmalıdır. Bəzən insanlar allergiya olduqda tez-tez asqırırlar. Bu zaman təbii mənşəli lavanda yağından istifadə etmək olar. Həmçinin çobanyastığı, nanə çayları da allergiya zamanı insan üçün faydalı hesab olunur. Bəzən evdə pəncərənin davamlı açıq olması belə tozlanmaya səbəb olur. Bu da diqqət edilməsi vacib məqamdır. Qapalı məkanlarda duzlu və sirkəli su səpməklə, tozun verəcəyi ziyanı azaltmaq mümkündür”.