Sağlam qidalanmağı vərdiş halına gətirmək lazımdır

Sağlam qidalanma
0 Shares

“Sağlam qidalanmamaq təkcə mədəyə deyil, bütövlükdə orqanizmə mənfi təsir göstərir. Sağlam qidalanma dedikdə balanslı və qida maddələri, makro və mikro elementlərlə zəngin olan qidalanmanı nəzərdə tuturuq. Bu cür qidalanmamağın yaş faktorundan asılı olaraq hər kəsə fərqli təsiri olur. Xüsusilə də 25 yaşa qədər olan insanlarda inkişaf prosesi getdiyinə görə, onlarda orqanizm inkişafdan geri qalır. Bu daxili orqanların funksiyasında da özünü göstərir”.
“Sağlam qidalanmağı vərdiş halına gətirmək lazımdır” – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova danışdı.
Onun sözlərinə görə, yanlış qidalanma daxili orqanlar qədər, xarici görünüşdə də öz mənfi təsirlərini əks etdirir: “Hər hansı xəstəliyi olan şəxs sağlam qidalanmırsa, xəstəliyin şiddəti daha da artır. Eyni zamanda müalicə prosesi də ləngiyir. Zehni gerilik, fiziki gücün azlığı, yorğunluq, enerjisizlik hissi də məhz sağlam qidalanmamağın nəticəsidir. Eyni zamanda yanlış qidalanmaq kökəlməyə və piylənməyə gətirib çıxarır. Bu isə başda qaraciyər olmaqla bir çox orqanların yağlanmasına səbəb olur. Bu proses də təhlükəli xəstəliklərin yaranma səbəbi kimi görünür.

Əgər insan sağlam qidalanmırsa, bu zaman saçlarda gücsüzlük, qırılmalar müşahidə ediləcək. Eynilə bunu dəriyə də aid edə bilərik. Belə ki, düzgün qidalanmayan insanların dərisi səpkili, quru və qırışmağa meyilli olur. Bir çox hallarda sağlam qidalanmayan insanlar qarın bölgəsindəki yağlanma və şişkinlikdən əziyyət çəkirlər. Ümumiyyətli hər hansı bir qidalanmada balans pozularsa, bu zaman piylənmə, çəki alma və daxili orqanların funksiyasının pozulmasını görə bilərik.

Sağlam bir orqanizmi qorumaq üçün pəhriz saxlamaq vacib və lazım deyil. Əksinə ömür boyu davam edən və insana çətinlik yaratmayan qidalanma rejiminin vərdiş halına gətirilməsi tövsiyyə olunandır”.