Bəzən gecə və ya gündüz olmasından asılı olmayaraq həddindən artıq şirniyyat, xüsusən də şokolad yemək istəyi yaranır. Mütəxəssislər deyir ki, bəzən orqanizm şirniyyata meyilli olur.
“Söhbət sağlam orqanizmdən gedirsə, mütləq şəkildə qanda şəkər səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir. Sağlam qidalanmadıqda və yaxud yeməklər arasında çox fasilə yarananda qan şəkərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur və həmin anda şirniyyat yemək ehtiyacı yaranır. Belə vaxt əksər hallarda şokolada üstünlük verirlər və bu da çox zərərli hallardan biridir”,- deyə qida mütəxəssisi Məhsəti Hüseynova bildirib.
Onun dediyinə görə, çox şokolad yemək qanda şəkər balansını pozur: “Şokolad çox sürətli şəkildə qanda şəkərin səviyyəsini yüksəldir və sürətli şəkildə də aşağı salır, daim onu qəbul etməyə ehtiyac yaranır. Belə halların baş verməməsi üçün tərkibi zəngin olan qidalar qəbul etmək lazımdır ki, qəfildən qan şəkəri aşağı düşməsin. Yemək yeyərkən şirin qidaya ehtiyac yaranarsa, az miqdarda şokolad qəbul edilməsi orqanizmə faydalı ola bilər”.
Mütəxəssislər keyfiyyətsiz şokoladlardan uzaq durmağı tövsiyə edirlər. Həmsöhbətimiz deyib: “Satış bazarlarında kifayət qədər kimyəvi qatqı maddələri ilə hazırlanan şokoladlar var. Onlar birbaşa olaraq orqanizmə zərərlidir və tərkibində, demək olar ki, kakaodan əsər-əlamət yoxdur. Həmin şokoladlardan, ümumiyyətlə istifadə etməmək lazımdır. Şirinlik faizi yüksək olan qurudulmuş əncir, qurudulmuş xurma və digər meyvələrin qurusunu qəbul etməklə şəkər ehtiyacını ödəmək olar”.