Hansı aralıqlarda su içmək lazımdır? – MÜTƏXƏSSİS AÇIQLADI

su içmək
0 Shares

“Həyatın davamı üçün su əvəzolunmazdır. Orqanizmin 60%-i, beynin isə 85%-i sudan ibarətdir. İnsan qida qəbul etmədən, ancaq su içərək uzun müddət yaşaya bilər. Ancaq susuz bir neçə gün yaşaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, suyun orqanizmdə vəzifələri var: “Qidaların həzmi, soyulması və hüceyrələrə daşınması da bura aiddir. Az su içdikdə və orqanizm susuz qaldıqda həzm problemləri, qəbzlik kimi bir sıra problemlər meydana gəlir. Hər 1 kaloriyə görə 1 ml su içmək lazımdır. Məsələn, 2500 kkal qidalanan biri 2500 ml su qəbul etməlidir. Bu ehtiyac fiziki aktivliyə, xəstəlik zamanı, iqlim şərtlərində, qadınlarda hamiləlik dövründə, südvermə zamanı dəyişir.

Səhər oyandıqda yeməkdən əvvəl, günorta və axşam yeməklərindən 30 dəqiqə əvvəl və 2 saat sonra, gecə yatmadan əvvəl su içmək ən uyğun vaxtlardır. Bu vaxtlarda su içmək həzmi asanlaşdırır, daha az kalori qəbul etdirir, mədəni rahatladır, bədən temperaturunu tənzimləyir. Su içməyi vərdiş halına gətirmək üçün iş stolunda, istirahət otağında su qoymaq məsləhətdir. Belə etdikdə su içməyi alışqanlıq halına gətirə bilərsiniz”.

Asim Vəliyev sözlərinə belə davam edib: “Suyun temperaturu onun ləzzətini də müəyyən edir. Ümumi olaraq içiləcək suyun temperaturu 7-12 °C arasında olması məqsədəuyğundur. 20°C-dən çox isti sular mədə bulanmasına səbəb ola bilər”.