Azyaşlı övladları ilə yolu restorana düşən valideynlər bir məsələdən şikayətçidir. Niyə restoranlarda xüsusi uşaqlar üçün nəzərdə tutulan, onların sağlamlığına ziyan vurmayan menyu yoxdur. Çünki restorana gedən uşaqlar haqlı olaraq ümumi sifariş edilən menyudan istifadə edir.
Ednews olaraq məsələnin aktuallığını nəzərə alaraq mövzu haqqında kiçik araşdırma apardıq. Nəticələr isə heç də ürək açan deyil.
Əlaqə saxladığımız paytaxt restoranlarının demək olar ki, əksəriyyəti bildirdi ki, kafelərinin menyusunda uşaqlar üçün heç bir təam nəzərdə tutulmayıb. Bəzi restoran administrasiyasından isə menyuya azyaşlıları nəzərə alıb “fast food” olaraq burger, kartof “fri”, kiçik pizza və qazlı içkilərdən-kola, fanta kimi şirələrin adlarını salıblar.
Burada üzürü qəbahətindən böyükdür desək, elə yerinə düşər. Uzun illərdir ki, dünya qida mütəxəssisləri, səhiyyə təşkilatları bütün dünyaya həyacan təbili çalaraq, tez hazırlanan “fast food” qidaların insan orqanizminə vurduğu ziyanlardan danışır. Bizim restoranlar isə bu qidaları uşaqları “düşünərək” menyuya daxil edirlər.
Bəs, uşaqlara verilən “fast food” qidalar nəyə səbəb ola bilər? Ümumiyyətlə, belə qidaların uşaqlara verilməsi nə dərəcədə düzgündür?
25 yaşa qədər orqanizmin inkişafda olduğunu deyən sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, bu qidalar uşaqların orqanizmində asılılıq yaradır.
“Bu gün restoranlarda ayrıca uşaq menyusu yoxdur. Belə menyu olmadığı üçün valideynlər övladları üçün seçim edəndə ümumi hazırlanan fastfoodlara üstünlük verilir. Amma onların da içində asılılıq yaradan maddələr var. Bu maddələr çin duzu kimi tanınan monosodium qlumat və mononatrium qlumatdır. Bu da insan orqanizmində asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını korlayır və uşaqda daima belə qidalardan istifadə ehtiyyacı yaradır. Bura qamburger, free, köftələr, qazlı içkilər və s. aiddir“.
Mütəxəssis belə qidaların uşaqlara əks təsirindən və onların həlli yollarından da danışdı. Onun sözlərinə görə, bu cür qidaların tərkibində olan şəkər, inkişaf etməkdə olan orqanizmə daha çox zərər verir.
“Mərkəzi beyin sisteminin inkişafdan geri qalması, həzm prosesini pozulması, bədəndə artıq yağların toplanmasına səbəb olur ki, bu da gələcəkdə piylənmə kimi problemlərə yol açır. Hətta bəzən bu səbəb qaraciyər piylənməsi həddinə də gətirib çıxarır. Uşaqlarda şəkərli diabet xəstəliyinin artma səbəbi məhz belə qidalanmadandır. Həddindən artıq qızardılmış qidaların qəbulu xərçənglə də nəticələnə bilir. Bunun da qarşısını almaq üçün ev şəraitində hazırlanan burgerlərə, içkilərə üstünlük verilməlidir. Az qızardılmış kotletlə, pomidor, xiyar və ya üzərinə kahı əlavə edərək ev şəraitində burger hazırlaya bilərik. Məsləhət görərdim ki, valideylər uşaqları restoran yeməkləri yedizdirməsin”.
Ləman Abbaslı