Asim Vəliyev: “Qarğıdalılarımız sperma öldürücü antitellərlə doludur.”

0 Shares

Niyə uşaq sahibi olmaq istəyirik? Ümumiyyətlə, hər mədəniyyətdə uşağın yeri ayrıdır. Bəzilərinə görə bu, tanrının hədiyyəsi və təbiətin qanunudur. Bəziləri əsl ana və ata olmaq arzusu ilə, yəni o məsuliyyəti öz üzərinə götürüb o hissi yaşamaq, digərləri evlilik bağlarını möhkəmləndirmək, nəslini davam etdirmək üçün övlad sahibi olmaq istəyir. Bir qrup da var ki, nə qədər bunu arzulasa da, cəhd etsə də, valideyn ola bilmir. Bəs, bunun səbəbi nədir? Yaşadığımız mühitin, ekologiyanın, istifadə etdiyimiz qidaların, psixoloji və tibbi durumumuzun bu məsələyə hansı təsiri var?

Əsasən, cütlər gələcək planlarının fərqli olduğunu anladıqda daha tez ayrılırlar. Ancaq bəzi cütlüklər o qədər də şanslı deyillər və ailə qurduqdan bir neçə il keçməsinə baxmayaraq, uşaq istəyib-istəmədiyindən heç vaxt danışmırlar.

SİA məsələ ilə bağlı araşdırma apararaq həkim, psixoloq, sosioloq, ekspert və hüquqşünasın fikirlərini öyrənib.

Cərrah, mama-ginekoloq Ləman Əliyeva: “Analarımızın, nənələrimizin dediyinə görə, keçmiş zamanda sonsuzluq problemi daha az olub. Ekoloji mühit və qidalar indiki dövrdə bu problemin artması səbəblərindəndir. Çünki əvvəlki kimi təmiz təbiətə və sağlam qidalara sahib deyilik. Bu da orqanizmin zəifləməsinə, hormonların pozulmasına gətirib çıxarır.

Fiziki və psixi vəziyyətlərdə hormonların əhəmiyyəti böyükdür. Nəticədə, hormonal pozuntu olanda hamiləlik alınmır. Bu, eyni zamanda, kişilərdə sperma faizinin aşağı olması və ya heç olmamasına səbəb olur.

Yumurtalıqda, ya da uşaqlıqda olan törəmələr, kistalar qadınlarda sonsuzluq problemi yaradır. Yumurtalıqların polikistoz sindromu son zamanlarda rast gəlinən sonsuzluq səbəblərindən biridir”.

Psixoloq Fidan Nizamova: “İstənilən məsələni fikrində çox tutduqca beyin və orqanizm üçün yükə çevrilir. Mentalitetimizdən dolayı gənc ailələrə övlad sahibi olmaq ilə bağlı təzyiqlər edirlər. Hər gün, hər saniyə cütlüklər, xüsusən də xanımlar bunu düşünür. Çox zamanda bu səbəbdən orqanizm bu stressə qarşı əks müdafiə etməyə başlıyır.

Burada çox ciddi psixoloji amillər var. Qısa olaraq desək, mexanizm belə çalışır: bir hadisə sizin üçün nə qədər önəmli olarsa, fikrinizi ağlınızı nə qədər zəbt edib sizi stressə salarsa, orqanizm sizi bir o qədər də o hadisədən qorumağa başlayacaq.

Təbii ki, övlad sahibi ola bilməməyin bir çox səbəbləri var. Fizioloji, ekoloji, bioloji, psixoloji və s. səbəblər də buraya daxildir.

Əgər bütün göstəricilər normaldırsa, amma övlad sahibi ola bilmirsinizsə, valideyn olmaq arzusunu arzu olaraq edin və buraxın. Onun üzərində dayanıb o fikirini beyniniz üçün bir yükə, problemə çevirməyin. Bu stress ailədaxili münasibətlərə də təsir edir”.

Sağlam qida təbliğatçısı Asim Vəliyev: Dövrümüz ailələrin ən çox həkim müraciətlərində ilk sıranı qısırlıq tutmağa başlayıb. Hər yeni ailə həyatı qurmuş fərdlərdən ən az 3-də 1-i uşaq dünyaya gətirməkdə problemlərlə qarşılaşır. Süni mayalanma mərkəzləri demək olar günbəgün artmaqda davam edir. Hər gün TV-lər vasitəsilə reklam olunur. Amma bu da çarə deyil. Çünki sadəymiş kimi göstərilsə də, tətbiq edilən müalicə qadınları fizioloji baxımdan sarsa bilər. Ən əsası isə süni mayalanma metodu ilə doğulan uşaqları gələcəkdə hansı xəstəliklərin gözlədini bilmirik. Görəsən, onların artma qabiliyyətləri necə olacaq?

Problemin iki əsas səbəbi var. Birincisi post müasir dünyanın, ya da İvan İlliçin deyimi ilə “sənayeləşmə”nin ortaya çıxardığı sosial problemlərdir. İkincisi isə qlobal güc mərkəzlərinin insanlığa qarşı qurduğu siyasi oyunlar, ya da kimyəvi tələlərdir.

İnsanların uşaq dünyaya gətirməmə səbəbləri çox müxtəlifdir: Şəhərləşmə, qadınların kariyer qurma arzusu ilə uşaq sahibi olmaq istəməməsi, yüksək rifah istəyinin artması, gəlir səviyyəsinin yüksəlməsi, məcburi ehtiyac qəbul edilən istehlak vasitələrinin çoxalması, çox uşaq sahibi olmağa yaxşı baxılmaması, sağlamlığın pozulması və s. Keysəriyyə doğuma məcbur edilən qadınların daha sonrakı hamiləliklərinin riskli olduğuna dair yayılmış məlumatlar, şüuraltı təlqin və abort da əsas amillərdən bəziləridir. Təbii ki, işin ən önəmli tərəfi sağlamlıqdır. Sürətlə azalan və pozulan sperma, istənsə də uşaq dünyaya gətirməyi çətinləşdirir.

Qısırlığın artmasına səbəbləri belə sıralamaq olar: Dərmanlar, peyvəndlər, qida qatqı maddələri, pestisidlər, hibrit və digər metodlarla toxumların qısırlaşdırılması, fast-food məhsulları, əkinçilikdə və heyvandarlıqda hormonların istifadəsi, qidaların emalında tətbiq edilən yeni işləmlər, geni dəyişdirilmiş orqanizmlər, piylənmə, kortizon istifadəsi, kosmetika məhsulları, qadın pedləri, uşaq bezləri, şampunlar, doğum nəzarət dərmanları, elektronik alətlər, cib telefonları, daşına bilən kompyuterlər, radiasiya, uzun müddət masada oturmaq, dar şalvarlar və dar alt çamaşırlar geyinmək, yüksək temperaturlu məkanlarda çalışmaq, ətraf mühit kirliliyi, siqaret, alkoqol, narkotiklər, müasir yaşam şəklindən qaynaqlanan stress.

“Toyuqlara gəldikdə… Toyuqlar qadın hormonuyla doldurur. Toyuq yeyən kişilər problem yaşayır. Kişilər, toyuq yeməyin! Həm kişiliyinizi, həm saçlarınızı itirərsiniz…”

Qidalanma-qısırlıq əlaqəsi ilə bağlı 2010-cu il 20 apreldə keçirilən “Alternativ İqlim Zirvəsi”ndə danışan Bolivya lideri Morales fikirləri çox düşündürücüdür: “Toyuqlara gəldikdə… Toyuqlar qadın hormonuyla doldurur. Toyuq yeyən kişilər problem yaşayır. Kişilər, toyuq yeməyin! Həm kişiliyinizi, həm saçlarınızı itirərsiniz…” Qidaların təsirləri ilə əlaqəli ən maraqlı etiraflardan biri də Amerikalı “Epicyte” adlı şirkətin müdirinin 2001-ci il sentyabr ayında keçirdiyi mətbuat yığıncağında söylədiyi fikirdir: “Hamiləliyə mane olan qarğıdalı istehsal etdik. Qarğıdalılarımız sperma öldürücü antitellərlə doludur.” Bu gün dünyada bütün marketlərdə satılan sənaye qidaların ən az 90%-də qarğıdalı yağı, qarğıdalı unu, qarğıdalı şəkəri, qarğıdalı nişastası və ya qarğıdalıdan əldə edilən yüzlərlə qatqı maddəsi var. Üstəlik dünyadakı qarğıdalıların 80%-dən çoxu geni dəyişdirilmiş, yəni GMO-lu qarğıdalıdır. Geriyə qalanlar isə qısırlaşdırılmış, yəni hibritdir. Hamısı herbisid və pestisid ehtiva edir

Yuxarıda saladıqlarımızı xülasə edərək əldə edəcəyimiz nəticə ondan ibarətdir ki, insanların qısırlaşmasına və uşaq sahibi olmalarına təsir edən ən əsas faktorlardan biri qidalarımızdır”.

Hüquqşünas Fariz Əkbərov: “Boşanmaların əsas səbəblərindən birinin sonsuzluq olduğu bildirilir. Sonsuzluğun yaranmasına isə bir çox səbəb göstərilir. Amma ən çox ekoloji təsirlər– havanın, suyun, ətraf mühitin çirkliliyi və süni qidalar əsas gətirilir.

Düzgün qidalanmamaq səbəbi ilə vücud maddələr mübadiləsini yavaşıdır. Yağlı yeməklər, trans yağlardan istifadə də immunitetə mənfi təsir göstərir. Köklük xəstəliyi spermanın keyfiyyətini öldürür. Sonsuzluğun müalicəsində qida seçimi əsas məsələlərdəndir”.

Tez həll olunan karbohidratlar, yəni şirniyyatlar, süni qidalar, yarımfabrikatlar da hormonal pozğunluqlar yaradır. Bu qidalar piylənməyə, insulinə rezistentliyə gətirib çıxarır.

Xüsusilə də kənd təsərrüfatında istifadə edilən dərmanlar, fabrik və zavod tullantılarının yaratdığı ekoloji çirklilik zamanla nəsilartırmadakı performansa təsir edir.

Əlverişli mühitin olmaması, iş stressləri, beyinin çox yüklənməsi də burada müəyyən mənada rol oynayır”.

Sosioloq Əhməd Qəşəmoğlu: “İnsanların davranışı həyat tərzi onların nəsil artırma qabiliyyətinə çox təsir edir. Ona görə Quran’i-Kərimdə bu məsələlərə xüsusilə ciddi diqqət verilir, insanların cinsi münasibətləri ilə də bağlı tövsiyələr verilir və başqa elm sahələrində də kifayət qədər məsləhətlər var.

Sosioloji tərəfi əsas ondan ibarətdir ki, guya Avropa mədəniyyətinin təsiri altında oğlanlarımız və qızlarımız get-gedə macəraçılığı sevəndə, yəni, hələ nigaha girməmişdən əvvəl istər oğlanlar, istər qızlar bir qədər bu məsələdə özlərini sərbəst aparanda, tarixi adət-ənənəmizə, əxlaqi normalara, qadağalara əhəmiyyət verməyəndə bir qədər də özlərini müasir hesab edəndə, necə gəldi həyat tərzi sürəndə görüşdükləri insanlardan müxtəlif xəstəliklər keçir. Bu hökm deyil ki, lap elə qorxunc xəstəliklər olsun. Bu heç olmaya da bilər. Bu onların özünə və yaxud doğulan övladlarına da təsir edir. Bunlar isə öz növbəsində insanlara elə təsir edir ki, onlarda nəsil artırma imkanları xeyli azalır.

İkinci tərəfdən gənclərimizin geyimlərinə diqqət verməməsi, yəni, guya müasirlik xatirinə beli açıq paltarlar geyinirlər. Hər kəs özünü müasir hesab edir ki, corabsız ayaqqabı geyinirəm. Bütün bunlar sonsuzluğa səbəb ola bilər. Ona görə də bu istiqamətdə də gənclərin maariflənməsinə çox böyük ehtiyac var.

Ekoloji mühit, qidalar da təsir edir. Sovet dövründə Sumqayıt gənclərinin 26 faizində bu problem olub. Halbuki başqa rayonlarda bu faiz çox aşağı idi. Sumqayıtda isə o seçilirdi.

Qidalar da çox mühüm təsir edirdi. Azərbaycanda qida mədəniyyətinə böyük ehtiyac var. İnsanlarımızın əksəriyyəti tez ölür, müxtəlif xəstəliklər tapır. Bu, sağlamlıq və qida mədəniyyətinin olmaması ilə bağlıdır”.

Ayşən Vəli