Məhsəti Hüseynova: Spirtli içkilər arzuolunmaz cinayətlərə səbəb olur.

0 Shares

“Spirtli içkilərin orqanizmə zərərləri çoxdur. Təbii ki, bu hər yaşda özünü fərqli şəkildə göstərir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, xüsusilə gənclər üçün daha çox zərərlidir: “Çünki gənclərdə hələ 25 yaşa qədər orqanizm inkişaf prosesində olur. Bu zaman həddindən artıq spirtli içki qəbul edən və yaxud aludə olan insanlarda bu birinci növbədə asılılıq yaradır. Onun əsasən inkişafına, beynin funksiyalarının pozulmasına zərər verir. Xüsusilə də həmin insanlarda özünü idarəetmə, psixoloji problemlər çoxalır, aqresivlik artır. Demək olar ki, münaqişələrə çox meyilli olurlar. Bu isə arzuolunmaz cinayətlərin meydana gəlməsinə səbəb olur. Orqanizmə əsas zərərləri isə həzm sistemini pozur, maddələr mübadiləsinə zərər verir. Eyni zamanda həddindən artıq qəbul edildikdə qara ciyərə, mədəyə, ürəyə, sinir sisteminə və beyinə ziyan vermiş olur. Bundan əlavə bir çox hallarda həddindən artıq spirtli içki qəbul edən insanlarda qidanlanmada pozğunluq yaranır, hətta xərçəng xəstəliyinə belə səbəb ola bilər.

Spirtli içkilər qadınlar üçün isə daha da zərərlidir. Həddindən artıq spirtli içki qəbul dən qadınlarda kalsium azalması və sümüklərin əriməsi prosesi baş verir. Bu isə gələcəkdə bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Xüsusilə də satışda bir çox saxta içkilər var ki, bunlar birbaşa ölümə yol aça bilər”.

Səbinə Hüseynli