Son 5 ildə ölkəmizdə insult və infarkt 55 minədək insanın həyatına son qoyub
Ürək-damar xəstəlikləri dedikdə ağlımıza, ilk olaraq, yaşlı insanlar gəlir. Lakin son dövrlərin statistikası bu xəstəliyin artıq gənclər arasında da sürətlə yayıldığını göstərir. Ötən günlərdə Goranboy rayonunda 17 yaşlı yeniyetmənin kəskin ürəktutmasından həyatını itirməsi mövzunu daha da aktuallaşdırıb.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər də vəziyyətin ciddiliyindən xəbər verir. Belə ki, son 5 ildə ölkəmizdə insult və miokard infarktı səbəbindən, ümumilikdə, 54 min 973 ölüm halı qeydə alınıb. Bunlardan 33 min 510-u insultun, 21 min 463-ü isə miokard infarktının hesabına yazılıb. İllər üzrə dinamikaya nəzər salsaq, 2021-ci ildə bu səbəblərdən 12 min 150 ölüm qeydə alındığı halda, 2022-ci rəqəm 11 min 420, 2023-cü ildə 11 min 50, 2024-cü ildə 10 min 680, 2025-ci ildə isə 9 min 673 olub.
Son illərdə azalma tendensiyası müsbət hal kimi qiymətləndirilsə də, xəstəliyin yaş həddinin getdikcə cavanlaşması ciddi narahatlıq doğurur. Əvvəllər 50-60 yaşdan yuxarı insanlarda rast gəlinən infarkt və insult hallarının artıq gənclər, yeniyetmələr arasında da görülməsi problemin vaxtında aşkarlanması üçün mütəmadi profilaktik müayinələrin vacibliyini önə çıxarır. Bəs infarkta gətirib çıxaran əsas səbəblər hansılardır və bu xəstəliklərdən qorunmaq mümkündürmü?
Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva XQ-yə açıqlamasında gənclər arasında qəfil ölüm hallarının səbəbinin daha çox gizli gedən ürək xəstəlikləri və ritm pozğunluğu ilə əlaqəli olduğunu bildirdi:
– Son illərdə ağır ürək çatışmazlığı və kardiomiopatiya diaqnozları ilə müraciət edən 25–35 yaşlı xəstələrə tez-tez rast gəlinir. Bu hallar cəmiyyətin və tibb aləminin ciddi narahatlığına səbəb olan problemlərdəndir. Həyatının ən aktiv dövrünü yaşayan, bəzən özünü tam sağlam hesab edən insanların gözlənilmədən həyatını itirməsi risk faktorlarının aşkar edilməsini və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.
Bu halların bir çoxu əvvəldən mövcud olan, lakin vaxtında aşkar edilməyən ürək-damar patologiyaları ilə əlaqədardır. Gənclərdə bu cür hallara səbəb olan amillər müxtəlifdir: buraya hipertrofik və dilatasion kardiomiopatiyalar, irsi ritm pozğunluqları, bəzi anadangəlmə qüsurlar, miokardit və digər struktur patologiyalar daxildir. Yuxarı yaş qruplarında isə koronar arteriya xəstəlikləri üstünlük təşkil edir.
Bu xəstəliklərin bir qismi uzun müddət simptomsuz inkişaf edə bilər. Bəzən xəstəlik özünü ilk dəfə ağır aritmiya, ürəyin qəfil dayanması və ya qəfil ürək ölümü ilə büruzə verir. Anadangəlmə ürək qüsurlarının bir hissəsi hələ körpəlik dövründə ortaya çıxır. Bunun üçün uşaqların pediatrik müayinələrinin vaxtında aparılması, ürəkdə küy, sianoz, təngnəfəslik, qidalanma zamanı tez yorulma və digər şübhəli əlamətlər olduqda əlavə müayinələrin həyata keçirilməsi mütləqdir.
Həkim qeyd etdi ki, ürək müayinələri hər bir şəxsin ailə tarixçəsi, hərəkət intensivliyi və xüsusilə fiziki gərginlik zamanı yaranan xəbərdarlıq simptomları nəzərə alınaraq fərdi qaydada aparılmalıdır:
– Hər bir sağlam uşağa müntəzəm olaraq həm EKQ, həm də ExoKQ müayinəsinin aparılması onu qəfil ürək çatışmazlığından tam sığortalamır. Müayinələr uşağın yaşı, klinik əlamətlər, ailə anamnezi və mövcud risk faktorları nəzərə alınaraq müəyyənləşdirilməlidir. Əgər ailədə gənc yaşda qəfil ölüm, irsi kardiomiopatiya və ya ciddi ritm pozğunluğu halları varsa, kardioloji qiymətləndirməyə xüsusi diqqət yetirilməlidir.
Fiziki aktivlik sağlam həyat tərzinin əsas şərtlərindən biridir. Lakin intensiv və peşəkar idmanla məşğul olanlarda əvvəldən mövcud olan, gizli ürək xəstəliklərinin vaxtında aşkarlanması xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən idmana başlamazdan öncə gənclərin fərdi və ailəvi tibbi tarixçəsinin öyrənilməsi, fiziki müayinə və ehtiyac olduqda 12-kanallı EKQ-nin aparılması vacibdir.
Exokardioqrafiyadan (ExoKQ) isə ilkin müayinədə şübhəli məqamlar, simptomlar və ya konkret klinik göstərişlər yarandıqda əlavə diaqnostik üsul kimi istifadə edilir. Müayinələrin sayı idmanın növü, gərginlik dərəcəsi və fərdi risklər əsasında müəyyənləşməlidir. Xüsusilə fiziki gərginlik zamanı huşun itməsi, sinədə ağrı, səbəbsiz təngnəfəslik və şiddətli ürəkdöyünmə ciddi xəbərdarlıq siqnalıdır və mütləq dərindən araşdırılmalıdır.
Sonda müsahibimiz gənclərdə ürək-damar sağlamlığına mənfi təsir göstərən amillər arasında tütün, nikotin vasitələrindən istifadə, zərərli vərdişlər, yuxu rejiminin pozulması və qeyri-sağlam həyat tərzinin xüsusi yer tutduğunu vurğuladı:
– Energetik içkilərin həddindən artıq istifadəsi də diqqətdən kənarda qalmamalıdır. Bu içkilərdə yüksək miqdarda kofein və digər stimullaşdırıcı maddələr ola bilər. Onların çox miqdarda qəbulu ürəkdöyünməyə, arterial təzyiqin yüksəlməsinə və bəzi şəxslərdə ritm pozğunluqlarına yol açır. Xüsusilə ürək xəstəliyi olan, ritm pozğunluğuna meyilli şəxslərdə və intensiv fiziki gərginlik zamanı bu amillərə daha ciddi yanaşılmalıdır.
Bu səbəbdən gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması və maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir. İdman meydançalarında, eləcə də kütləvi idman tədbirlərində ilkin yardım göstərilməsi üçün ürək-ağciyər reanimasiyası üzrə maarifləndirmə və avtomatik xarici defibrillyatorların əlçatan olması vacib şərtlərdən biridir.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə bildirdi ki, xüsusilə gənclər arasında geniş yayılan qidalanma tərzi yalnız ürək-damar sisteminə deyil, bütövlükdə, insan sağlamlığında ciddi fəsadlara yol açır:
– Gündəlik rasionda “fast-food” və emal edilmiş məhsulların üstünlük təşkil etməsi orqanizmə normadan artıq duz, şəkər və doymuş yağ daxil olmasına gətirib çıxarır. Bu isə birbaşa təzyiqin yüksəlməsinə və ürək-damar xəstəliklərinin yaranmasına zəmin yaradır. Uzunmüddətli belə qidalanma rasionu artıq çəkiyə gətirib çıxarır ki, bu da müasir dövrdə gənclərin sağlamlığına vurduğu zərərin yalnız bir hissəsidir.
Sürətli həyat tərzi, yemək rejiminin olmaması və üstəlik qazlı, rəngli, şəkərli, enerji içkilərinin həddindən artıq istifadəsi ciddi sağlamlıq problemlərinin yaranmasına zəmin yaradır. Xüsusilə enerji içkilərinin tərkibindəki yüksək kofein miqdarı və kimyəvi qatqı maddələri ürək döyüntüsünü sürətləndirir, təzyiqi yüksəldir, həssas və zəif insanlarda isə ritm pozğunluğuna səbəb olur.
Şəkərli və qazlı içkiləri davamlı qəbul edən insanlarda şəkər qəbulu artır və bu proses rejimsizlik üzündən bəzən gec saatlarda baş verdiyi üçün fəsadları daha da ağırlaşdırır. Bütün bunlar birbaşa olaraq ürək-damar xəstəlikləri yaratmasa da, gənclər arasında yuxu rejiminin pozulması ilə birləşdikdə ciddi problemlərə gətirib çıxarır.
Mütəxəssis bildirdi ki, gündəlik rasionda mövsümi meyvə-tərəvəz və təbii ev yeməklərinə üstünlük verilərsə, gənclər arasında artan ürək-damar xəstəlikləri, həzm problemləri eləcə də, vitamin çatışmazlığı kimi ciddi sağlamlıq risklərinin qarşısını almaq mümkündür:
– Problemin qlobal miqyasını nəzərə alan Amerika Ürək Assosiasiyasının 20 iyul 2026-cı il tarixli hesabatında da gənclər üçün ciddi həyəcan təbili çalınmışdır. Tədqiqatlar göstərir ki, enerji içkilərindən və tez hazırlanan məhsullardan davamlı istifadə ürək-damar xəstəlikləri riskini artırır. Əvvəllər daha yuxarı yaşlı insanlarda müşahidə olunan bu xəstəliklər artıq erkən yaşlarda, gənclər və uşaqlar arasında qarşımıza çıxır.
Bu səbəbdən də gündəlik rasionda mövsümi meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Taxıl, paxlalı məhsullara, balığa, qoz-fındığa, bilavasitə kərə və zeytun kimi faydalı yağlara xüsusi diqqət yetirilməlidir. Gənclərin çoxu gün ərzində lazımi qədər meyvə-tərəvəz qəbul etmədikləri üçün həzm problemləri və vitamin çatışmazlığı ilə üzləşirlər. Gün ərzində, təxminən, 400 qram yerli və mövsümi meyvə-tərəvəz qəbul edilməli, duz istifadəsi isə 5 qramı keçməməlidir.
Mövsümi tərəvəzlər və təbii ev yeməklərinin tərkibində duz miqdarı kifayət qədər olur. Sürətli həyat ritmi səbəbindən hazır yeməklərə üstünlük verənlər gələcəkdə ciddi xəstəliklərlə üzləşməmək üçün gün ərzində meyvə və çərəz kimi faydalı məhsullar istehlak etməlidirlər.
Mütəxəssislərin rəyləri göstərir ki, ürək-damar xəstəliklərinin qarşısı mütəmadi profilaktik müayinələr, zərərli vərdişlərdən uzaq durmaq və doğru qidalanma vərdişlərinə yiyələnməklə alına bilər. Bunun üçün həm fərdi məsuliyyətimizi artırmalı, həm də cəmiyyət olaraq sağlam həyat tərzini bir normaya çevirməliyik. Unutmayaq ki, vaxtında atılan kiçik profilaktik addım bir insan ömrünü xilas edə bilər.
- Fidan Abbaszadə





