Marketdən qida alarkən bu səhvi etməyin – Sağlamlığımız təhlükədə! – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

Marketlərdən qida məhsulları alarkən yalnız son istifadə tarixinə və qiymətinə diqqət yetirmək kifayət etmir. Məhsulların necə saxlanılması, hansı temperaturda olması və qablaşdırmanın vəziyyəti də qida təhlükəsizliyi baxımından olduqca vacibdir. Xüsusilə çiy ət, toyuq və balıq məhsullarının hazır istehlaka uyğun qidalarla təmasda olması çarpaz çirklənmə riskini artırır. Bu isə qida zəhərlənmələrinə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hafta.az-a açıqlamasında bildirib ki, marketlərdə çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanılmalıdır.

“Bir çox məhsulların düzgün saxlanılmaması çarpaz çirklənmə riskini artırır. Xüsusilə marketdə eyni soyuducuda çiy və bişmiş məhsulların, eləcə də hazır istehlaka uyğun qidaların bir-birinə yaxın yerləşdirilməsi təhlükə yaradır. Çiy ət, toyuq, balıq ilə süd və süd məhsulları, yağ, pendir, hazır salatlar, kolbasa və bu kimi məhsullar bir yerdə saxlanılmamalıdır. Çiy məhsullarda xəstəlik törədən mikroorqanizmlər varsa, bunlar digər qidalara keçərək zəhərlənməyə və sağlamlıqla bağlı müxtəlif fəsadlara səbəb ola bilər.

Marketlərdə məhsullar növünə və təhlükəsizlik tələblərinə uyğun şəkildə ayrı saxlanılmalı, düzgün qablaşdırılmalı və temperatur rejiminə əməl olunmalıdır. Soyudulmuş məhsullar 0–4 dərəcə arasında, dondurulmuş məhsullar isə -18 dərəcədə saxlanılmalıdır. Temperatur rejiminin davamlı qorunması vacibdir. Temperatur dəyişdikdə mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yarana bilər. Çiy ət, toyuq və balıq alarkən qablaşdırmaya da diqqət etmək lazımdır. Əgər qablaşdırmada sızma, cırılma və ya deşilmə varsa, belə məhsulu almaqdan çəkinmək lazımdır. Çünki bir çox qidaların xarab olması heç də qoxu və ya rəng dəyişikliyi ilə özünü göstərmir. Əgər məhsulun qablaşdırılması açılıbsa, şirəsi axırsa və ya üzərində temperatur, saxlama şəraiti və digər məlumatlar etiketdə görünmürsə, həmin məhsulu almaq məsləhət deyil.
Qida təhlükəsizliyi yalnız məhsulun keyfiyyətli xammaldan hazırlanması və mənşəyinin bəlli olması ilə bağlı deyil. Məhsulun saxlama şəraiti və marketdə necə yerləşdirilməsi də böyük əhəmiyyət daşıyır. Bəzi hallarda son istifadə müddəti bitməyən məhsul belə düzgün saxlanılmadıqda təhlükəli hala gələ bilər.

Ona görə də sağlamlığımız üçün marketdən qida alarkən yalnız son istifadə tarixinə deyil, məhsulun qablaşdırılmasına, temperaturuna və saxlanma şəraitinə də diqqət yetirmək lazımdır”, – deyə mütəxəsis bildirib.

  • Fidan Abbaszadə