Tumların ayaqla qarışdırılması gündəm oldu: Mütəxəssis Məhsəti Hüseynova təhlükədən danışdı:

0 Shares

Sosial şəbəkələrdə tumların hazırlanması prosesi ilə bağlı yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Videoda günəbaxan tumlarının açıq ərazidə qurudulduğu, daha sonra isə məhsulu hazırlayan şəxsin onları ayaqları ilə qarışdırdığı görünür. Görüntülər qida məhsullarının hazırlanması və saxlanması zamanı gigiyena qaydalarına nə dərəcədə əməl olunması ilə bağlı ciddi suallar yaradıb. Xüsusilə tumların torpaq, toz və digər çirkləndiricilərlə təmasda olması, eləcə də ayaqla qarışdırılması məhsulun qida təhlükəsizliyi baxımından risklərini gündəmə gətirir. 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Ekologiya.az-a açıqlamasında deyib ki, göstərilən videoda qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulduğu görünür:

“Burada əsas problem tumların qurudulması prosesinin gigiyenik tələblərə uyğun aparılmamasıdır. Tumlar qurudulmazdan əvvəl təmizlənməli, yuyulmalı və daha sonra təmiz səth üzərinə sərilməlidir. Qurudulma prosesi isə tozdan, torpaqdan və digər fiziki çirkləndiricilərdən uzaq şəraitdə həyata keçirilməlidir. Eyni zamanda tumların mütəmadi olaraq çevrilməsi vacibdir ki, günəş və hava dövranı təmin olunsun və kiflənmənin qarşısı alınsın. Bu proses zamanı gigiyenik qaydalara əvvəldən sona qədər əməl edilməlidir. Tumların ayaqyalın şəkildə üzərində gəzməsi isə ciddi risk yaradır”.

Mütəxəssisin sözlərinə görə, belə halda ayaq dərisində olan torpaq, toz, tər və müxtəlif mikroorqanizmlər məhsula keçə bilər:

“Nəticədə tumlarda bakterial çirklənmə, eləcə də kif və maya göbələklərinin inkişafı üçün əlverişli şərait yarana bilər. Sonradan məhsulun yüksək temperaturda qovrulması bəzi riskləri azaltsa da, ilkin mərhələdə baş verən bütün çirklənmələri aradan qaldırmaya bilər. Bu baxımdan tumların qurudulması və sonrakı emalı mərhələlərinin təmiz və təhlükəsiz şəraitdə aparılması mühüm əhəmiyyət daşıyır”.

  • Fidan Abbaszadə