Son dövrlərdə Azərbaycan bazarında xaricdən gətirilən dondurulmuş ət və quş əti məhsullarının çeşidi də artır. Müxtəlif ölkələrdən, o cümlədən Hindistandan ət məhsullarının idxalı fonunda istehlakçıların əsas suallarından biri belə məhsulların təhlükəsizliyi və keyfiyyətinə nə dərəcədə nəzarət olunmasıdır. Xüsusilə dondurulmuş ördək və toyuq ətində məhsulun mənşəyi, istehsal və kəsim şəraiti, baytarlıq sənədləri, daşınma və temperatur rejimi, eləcə də mümkün mikrobioloji və digər təhlükəsizlik göstəriciləri mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda idxal olunan quş əti üçün baytarlıq-sanitariya tələblərinin müəyyənləşdirilməsi və heyvan mənşəli məhsulların dövlət nəzarətindən keçirilməsi nəzərdə tutulur. Bəs bu nəzarət praktikada hansı mərhələlərdə aparılır, Hindistandan və digər ölkələrdən gətirilən dondurulmuş ət məhsullarının hər partiyası necə yoxlanılır və istehlakçı hansı təminatla bu məhsulların təhlükəsiz olduğuna əmin ola bilər?
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, qeyd edə bilərəm ki, dondurulmuş ət və quşçuluq məhsulları düzgün soyuq zəncir şəraitində emal edilib saxlanıldıqda təhlükəsizdir. Onun sözlərinə görə, qida dəyərini böyük ölçüdə qoruyur: “Amma yenidən dondurulma riskləri, keyfiyyətsiz idxal məhsulları və struktur dəyişiklikləri ciddi sağlamlıq təhdidləri yarada bilər. Buna görə də həm beynəlxalq standartlar, həm də yerli nəzarət mexanizmləri böyük əhəmiyyət daşıyır. Qida təhlükəsizliyi baxımından ət və quşçuluq məhsulları yüksək risk qrupuna daxilir. Potensial patogenlərin inkişafı üçün çox əlverişli mühitə malikdirlər.
Dondurulma prosesi bakteriyaları öldürmür. Sadəcə onların çoxalmasını dayandırır. Əgər dondurma və ya əritmə prosesi qaydalara uyğun aparılmasa, bəzi risklər qaçılmazdır. Sürətli dondurulmayan ətlərdə böyük buz kristalları əmələ gəlir. Bu kristallar ət hüceyrələrinin divarlarını yırtır. Ət əridikdən sonra həmin o qiymətli ət şirəsi kənara axır. Nəticədə məhsul quru, sərt və dadsız olur. Həmçinin bioloji dəyəri də azalır. Ət məhsulları əridilərkən temperatur 5 ilə 60 dərəcə arasında uzun müddət qalarsa, hüceyrə divarları yırtıldığı üçün bayıra axan zülallı şirə bakteriyaların sürətlə çoxalması üçün ideal qida mühitinə çevrilir.
İdxal olunan ətlərin keyfiyyətinə nəzarət yalnız sərhəddə götürülən nümunələrlə bitmir. Heyvanın mənşəyi, yetişdirilmə şəraiti, kəsim müəssisəsinin baytarlıq sertifikatları və daşınma zamanı soyuq zəncirin qırılmaması izlənilməlidir. Ölkəmizdə də idxal olunan qida məhsulları və ətlər aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq normativ aktlarına, laboratoriya analizlərinə və beynəlxalq standartlara uyğun olaraq ciddi nəzarətdən keçirilir. Amma təchizat zəncirinin hər hansı bir halqasında məhsul keyfiyyətini itirə bilər.
Bir istehlakçı olaraq paketlənməş dondurulmuş ət aldığımız zaman paketdə buz kristalları çoxdursa, məhsulun əvvəllər əriyib yenidən dondurulduğunun ən əsas göstəricisidir. Belə məhsulları almamalıyıq. Həmçinin etiketdəki son istifadə tarixinə və mənşə ölkəsinə diqqət etməliyik. Dondurulmuş ət məhsulunu heç vaxt otaq temperaturunda, isti suyun altına qoyaraq əritməməliyik. Əti dondurucudan çıxarıb soyuducunun aşağı gözündə 0-4 dərəcədə əridə bilərik. Əriyən əti qəti şəkildə yenidən dondurmaq olmaz.
Xüsusilə ev şəraitində quşçuluq məhsullarının emalı zamanı çarpaz çirklənməyə qarşı çox diqqətli olmalıyıq. Çiy toyuq doğradığımız taxta, bıçaqlar dərhal isti su, ya da dezenfektanla yuyulmalıdır. Digər yeməklərlə təmasına imkan verməməliyik”.
- Fidan Abbaszadə





