Mövsümdənkənar qarpız, şaftalı və ərik yemək təhlükəlidirmi? – Ekspert Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Hazırda yaz fəsli olmağına baxmayaraq insanlar mövsümə aid olmayan meyvələr yeyirlər. Məsələn hazırda qarpız, ərik, şaftalı kimi meyvələrin mövsümü deyil, lakin alıb yeyənlər var. Onu da qeyd etmək lazımdır ki, hazırda bu meyvələrin qiyməti dəyərindən qat-qat bahadır.

Bəs mövsümündə yeyilməyən meyvələrin bir təhlükəsi varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova bildirdi ki, mövsümündə olmayan meyvə və tərəvəzləri yetişdirmək üçün bəzən onların sürətli böyüməsi məqsədilə gübrələrdən və kimyəvi maddələrdən istifadə olunur:

“Bu maddələr normadan artıq istifadə olunarsa, xüsusilə də nitrat tərkibli gübrələrdən istifadə edilərsə, həmin məhsulun tərkibində nitratın səviyyəsi həddindən artıq artır və bu da insan sağlamlığı üçün müxtəlif fəsadlara səbəb olur. Burada daha çox risk qrupuna daxil olan insanlar uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlardır. Bu kimi kimyəvi maddələr bir çox hallarda onlarda qida zəhərlənməsi, ürəkbulanma, halsızlıq, baş ağrısı, maddələr mübadiləsinin pozulması və mədə-bağırsaq problemlərinə səbəb olur”.

O əlavə etdi ki, istixana şəraitində nəzarətsiz şəkildə yetişdirilən və ya mənşəyi bəlli olmayan, erkən satışa çıxarılan mövsümdənkənar meyvə və tərəvəzləri alarkən diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, diqqət etməli olduğumuz məqamlar bunlardır:

“Həddindən artıq parlaq və qeyri-təbii görünürsə, rəngi və qoxusu həmin meyvə və tərəvəzə xas deyilsə, tünd qırmızı rəngə malik olmalı olduğu halda, kəsildikdə daha açıq rəngdə və ya ağ rəngdədirsə, daxilində sarımtıl damarlar görünürsə, bunlar tərkibdə nitratın çox olduğunun göstəricisidir. Belə məhsullardan istifadə edilməməsi daha məqsədəuyğundur və satıldığı yerin sanitar-gigiyena qaydalarına uyğunluğuna da mütləq diqqət yetirilməlidir. Əksər hallarda bu məhsullar kəsilərək satışa çıxarılır. Bu zaman bıçaq və doğrama səthləri təmiz olmazsa, çarpaz çirklənmə baş verir və bu da əlavə sağlamlıq problemlərinə səbəb olur. Meyvə və tərəvəzin faydalı xüsusiyyətlərindən, tərkibindəki vitamin və minerallardan yararlanmaq üçün yerli və mövsümündə olan məhsullardan istifadə etmək daha məqsədəuyğundur. Bu, sağlamlıq üçün daha faydalıdır. Əks halda, kimyəvi maddələrlə yüklənmə baş verir və hətta immunitet güclü olsa belə, bu məhsullar zəhərlənmə yaratmasa belə, müxtəlif fəsadlara səbəb olur. Ona görə də yerli və mövsümi meyvə-tərəvəzlərin istifadəsinə üstünlük verilməsi tövsiyə olunur”.

  • Fidan Abbaszadə