Xəbər verdiyimiz kimi bazarlarda satılan kələm turşularının rənginin qırmızı olması üçün süni boyalardan istifadə edildiyi iddia olunur. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
Paylaşılan videolarda bildirilir ki, kələm turşusunun daha tez yetişməsi və qısa müddətdə qırmızı rəng alması üçün İrandan gətirilən xüsusi boya maddəsi istifadə olunur. İddialara görə, bu maddənin təsiri ilə kələm cəmi üç gün ərzində hazır turşu formasını alır.
Bəs bu tip süni boyaların insan orqanizminə təsirləri nələr ola bilər?
Mövzu ilə bağlı Ölkə.az-a danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev bildirib ki, bazarda satılan kələm turşusunun qırmızılığını təmin etmək üçün İrandan gətirilən boya qatıldığı iddiasını əsaslandırmaq üçün laborator analizə ehtiyac var.
Onun sözlərinə görə, amma bir şeyi də unutmamalıyıq ki, kələmin turşuda qırmızıya çalması həmişə saxtakarlıq deyil:
“Rəng qırmızı kələm, çuğundur, bəzən də paprika kimi təbii komponentlərdən gələ bilir. “3 günə hazır olur” iddiası da avtomatik olaraq kimyəvi qatqı demək deyil. Kələm nazik doğrandıqda, duz miqdarı, temperatur və prosesin texnologiyası dəyişəndə turşu daha tez turşulaşa bilər. Sadəcə bu turşunun dadı klassik uzun fermentasiya dadı ilə eyni olmaya bilər.
Əgər doğrudan da süni boya qatılıbsa, bir neçə məqama diqqət etməliyik. İcazəli qida boyası istifadə olunubsa, düzgün dozada adətən təhlükəsizlik qiymətləndirməsindən keçmiş maddələr olur. Amma hər kəs üçün təsiri eyni olmaya bilər. Bəzi həssas insanlarda səpgiyə bənzər reaksiyalar kimi hallar mümkündür. İcazəsiz texniki boya istifadə olunubsa, burada problem var. Məsələn, beynəlxalq təcrübədə qida üçün qadağan edilən “Sudan” tipli boyalarla bağlı əsas narahatlıq onların DNT-yə zərər verə bilməsi və xərçəng riski ilə əlaqələndirilməsidir. Buna görə qidada istifadəsi qanunsuz sayılır. Bu tip boyalar daha çox uzunmüddətli və nəzarətsiz qəbul baxımından riskli hesab olunur”.
A.Vəliyev qeyd edib ki, ev şəraitində qida boyası istifadə olunub-olmadığını anlamaq çətindir:
“Amma şübhəni artıran kiçik əlamətlər ola bilər. Rəng həddən artıq parlaq və eyni tonludursa, suya, salfetə rəng çox çıxırsa, dad-qoxuda fərqin hiss olunursa, şübhələnə bilərik. Bunu birbaşa sübut kimi yox, sadəcə risk siqnalı qəbul edək. Ən praktik yanaşma etiketi olan, tərkibi və istehsalçısı göstərilən məhsulu seçməkdir.
Belə halda əsas məsuliyyət istehsalçının üzərinə düşür. İstehsal edən də, satan da dövriyyəyə buraxdığı məhsulun təhlükəsizliyini təmin etməlidir. İzlənəbilən sənədləri olmalıdır. Aidiyyəti üzrə nəzarət orqanı AQTA isə risk əsaslı yoxlamalar aparır, nümunə götürür, uyğunsuzluq varsa, satışın məhdudlaşdırılması və geri çağırma kimi tədbirlər görür”.
- Fidan Abbaszadə






