Qida seçimində ehtiyatlı olun: Saxta və keyfiyyətsiz məhsulların yaratdığı görünməz təhlükələr! – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Müasir dövrdə sağlam həyat tərzinin əsas sütunlarından biri düzgün və təhlükəsiz qidalanmadır. Lakin qlobal istehsalın artması, bazarlarda məhsul bolluğu və nəzarətsiz satış halları bəzən insan sağlamlığı üçün ciddi risklər yaradır. Xüsusilə keyfiyyətsiz və saxta qida məhsulları təkcə qida zəhərlənmələrinə deyil, uzunmüddətli sağlamlıq problemlərinə də səbəb ola bilər.

Bu mövzu ətrafında qidalanma mütəxəssisi Məshəti Hüseynova ilə apardığımız müsahibədə qida təhlükəsizliyinin əsas prinsipləri, saxta məhsulların tanınma yolları və onların insan orqanizminə təsiri geniş şəkildə müzakirə olundu. 

Mütəxəssis qida seçimində diqqətli olmağın, etiket oxuma vərdişinin formalaşdırılmasının və düzgün saxlanma şərtlərinin vacibliyini xüsusi vurğuladı.

Keyfiyyətsiz qidanı necə tanımaq olar?

İlk növbədə qeyd etmək lazımdır ki, insan sağlamlığının qorunmasında qəbul edilən qidaların tərkibi və keyfiyyəti həlledici rol oynayır. Qidaların etibarlı, mənşəyi məlum olan mənbələrdən alınması əsas şərtlərdəndir. Lakin məhsulun keyfiyyətli olması təkcə alış mərhələsində deyil, onun saxlanılması, bişirilməsi və istifadə qaydalarına əməl olunması ilə də birbaşa bağlıdır.

Bu gün satış nöqtələrində müxtəlif keyfiyyətə malik qida məhsullarına rast gəlmək mümkündür. Bəzən məhsul istehsal baxımından keyfiyyətli olsa belə, düzgün saxlanmadıqda və daşınma zamanı qaydalara əməl edilmədikdə yararsız hala düşə bilər. Xüsusilə risk qrupuna aid olan zülal mənşəli qidalar — ət və ət məhsulları, süd və süd məhsulları — mütləq şəkildə soyuq qida zəncirində saxlanmalı və daşınmalıdır. Bu məhsullar üçün aşağı temperaturun qorunması əsas şərtdir. Qablaşdırılmış məhsulların paketində hər hansı zədənin — cırılma, deşilmə və ya şişkinliyin olması isə onların xarab olduğuna işarədir.

Məhsul seçərkən ilk diqqət edilməli məqam onun xarici görünüşüdür. Rəng dəyişiklikləri, ləkələr, kiflənmə əlamətləri, yad cisimlərin və ya həşəratların mövcudluğu keyfiyyətsizlik göstəricisidir. Eyni zamanda xoşagəlməz qoxu məhsulun istifadəyə yararsız olduğunu açıq şəkildə göstərir.

Qablaşdırılmış məhsullarda etiket məlumatları xüsusi önəm daşıyır. İstehsal tarixi, son istifadə müddəti, istehsalçı şirkət haqqında məlumat, məhsulun tərkibi və saxlanma temperaturu mütləq qeyd edilməlidir. Bəzi məhsullar uzunmüddətli istifadə üçün nəzərdə tutulsa da, açıldıqdan sonra — xüsusilə süd məhsulları, mayonez və xama kimi qidalar — qısa müddətdə istehlak edilməlidir. Əks halda məhsul sağlamlıq üçün risk yarada bilər.

Saxta qidalar orqanizmə hansı zərərləri vurur?

Saxta və keyfiyyətsiz qidalar adətən kimyəvi qatqılar, süni rəngləndiricilər, dadlandırıcılar və aromatizatorlarla hazırlanmış, rəf ömrü süni şəkildə uzadılmış məhsullardır. Bu cür qidaların mütəmadi qəbulu xüsusilə həssas qruplar — uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar, xroniki xəstəlikləri olan insanlar üçün ciddi təhlükə yaradır.

Belə məhsullar qida zəhərlənmələri ilə yanaşı, allergik reaksiyalar, dəri səpkiləri, qaşınma və həzm pozğunluqları ilə müşayiət oluna bilər. Uzun müddət keyfiyyətsiz qidaların qəbulu daxili orqanların fəaliyyətinə mənfi təsir göstərir. Ən çox zərər görən orqanlar sırasında qaraciyər və böyrəklər yer alır. Bundan əlavə, kimyəvi qatqı maddələri hormon balansının pozulmasına, immun sisteminin zəifləməsinə və vitamin-mineral çatışmazlığına səbəb ola bilər.

Bəzən sadə diqqətsizlik — son istifadə tarixinin yoxlanılmaması — istifadəsi bitmiş məhsulun körpəyə verilməsi kimi təhlükəli hallara yol aça bilər. Bu isə ağır fəsadlarla nəticələnə bilər.

Sağlam seçim – sağlam həyat

Mütəxəssis tövsiyə edir ki, istehlakçılar yalnız mənşəyi bəlli olan, etibarlı satış nöqtələrindən məhsul alsınlar və etiket oxuma vərdişini gündəlik həyatlarının ayrılmaz hissəsinə çevirsinlər. Qida təhlükəsizliyi şəxsi məsuliyyətdən başlayır və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.

Unutmayaq ki, sağlam həyat düzgün seçimdən keçir — bu seçim isə məhz süfrəmizdən başlayır.

  • Fidan Abbaszadə